"Hazırda Ramil Şeydayevə böyük ümidlər bəslənilir. Lakin təklikdə oynamaq onun üçün çətindir. Anlayışla qarşılayıram: Qol vurması üçün hücumçunu topla təchiz etmək lazımdır. Təklikdə nə isə etməsi çətindir".
Sportnet.az-ın məlumatına görə, bunu azərbaycanlı sabiq futbolçu Vəli Qasımov "Championat.com"a müsahibəsində deyib. Veteran hücumçu bildirib ki, Şeydayev yaxşı oyunçu olsa da, hələ onda hər şey istədiyi kimi alınmır: "Ramil Moskva "Dinamo"sunda az oynadı, qol vura bilmədi və artıq göründü. Onun bəxti gətirmədi. Qol vura bilmirsənsə, lazım deyilsən. Ümidvaram ki, onda hər şey alınacaq".
Qasımovun fikrincə, Şeydayevin "Sabah"a keçməsi yersizdir: "Sabah" onun səviyyəsi deyil. Çoxları deyir ki, Ramilə oyun praktikası lazımdır. Amma mənə elə gəlir ki, o, yalnız enişə doğru gedir".
Təcrübəli mütəxəssis belə tənqidlərə görə qeyri-peşəkarlıqda ittiham olunmasına önəm vermədiyini də vurğulayıb: "Bunların hamısı mənim üçün boş şeylərdir. Hər kəsin öz fikri var. Klub mövqeyini deyib və hesab edib ki, hansısa qərəzim var. Amma bu, belə deyil, kluba qarşı deyiləm. Sadəcə, Şeydayevin "Sabah"da oynamasının əleyhinəyəm. Endikdən sonra qalxmaq ağırdır. "Sabah" sadəcə, Şeydayevin səviyyəsi deyil. Klub və futbolçu bundan inciməsin".