
“Forbes” nəşri son bir ildə mükafat, əməkhaqqı, sponsorluq gəlirləri və bonuslar əsasında ən çox qazanan idmançıların siyahısını açıqlayıb.
Sportnet.az nəşrin saytına istinadla xəbər verir ki, siyahıda ilk yeri isveçrəli tennisçi Roje Federer tutub. O il ərzində 106,3 milyon ABŞ dolları qazanıb. Hazırda 38 yaşlı Federerin 13 müqaviləsi mövcuddur. Onların hər birindən idmançıya 3 milyon ABŞ dollarından 30 milyon ABŞ dollarınadək vəsait çatır.
İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldu dünyanın ən çox qazanan ikinci idmançısıdır. Portuqaliyalı hücumçu son bir ildə 105 milyon ABŞ dolları qazanıb.
Ən çox qazanan idmançıların siyahısında Lionel Messi ( “Barselona”, 104 milyon ABŞ dolları) və Neymar (PSJ, 95,5 milyon ABŞ dolları) da var.
İlk onluqda həmçinin, basketbolçular Lebron Ceyms (88,2 milyon ABŞ dolları), Stefan Karri ( 74,4 milyon ABŞ dolları) və Kevin Dürant (63,9 milyon ABŞ dolları), qolfçu Tayger Vuds (62,3 milyon ABŞ dolları) və Amerikan futbolunun iki nümayəndəsi - Kirk Kazins (60,5 milyon ABŞ dolları) və Karson Vençin (59,1 milyon ABŞ dolları) adları yer alıb.