
"Baqali Dabonun Kipr "Apollon"u ilə anlaşdığına dair məlumatım yoxdur. Onun hazırkı müqaviləsi iyunun 30-da başa çatacaq. Sözləşməsinin bitiminə 6 ay qalmış istənilən futbolçu başqa klublarla danışıqlar aparmaqda sərbəstdir. Bu baxımdan, o, azaddır. Başqa klubla anlaşıbsa, müqaviləsi bitdikdən sonra gedə bilər".
Bunu Sportnet.az-a açıqlamasında "Neftçi"nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev deyib. Allahverdiyev bildirib ki, fransalı hücumçu başqa klubla razılığa gələrək, müqavilə bağlayıbsa, bu, iyunun 30-dan sonra onun "ağ-qaralar"ın heyətində qalmayacağı anlamına gəlir.
Amma klub rəsmisinin sözlərinə görə, hazırkı vəziyyətdə ortalıqda konkret bir şey yoxdur: "Biz hazırda müqaviləsi bitən heç bir futbolçumuzla danışıq aparmamışıq. Onların heç birinə yeni müqavilə təklif etməmişik. Çünki qeyri-müəyyənlik davam edirdi və bu müddətdə kiminləsə danışıq aparmağımız düzgün olmazdı. Təbii ki, uyğun görülsəydi, Dabo ilə hər hansı danışıq aparılar, razılıq əldə edilə və ya edilməyə bilərdi. Amma indiki vəziyyətdə klubun mövqeyi belədir: Heç bir futbolçu ilə danışıq aparılmayıb. Futbolçu başqa bir təklifi dəyərləndirərək, həmin klubla müqavilə bağlayıbsa, təbii ki, onunla heç bir danışıq apara bilmərik".
Qeyd edək ki, Baqali Dabo "kerkida.net"ə müsahibəsində "Apollon"a keçməyə yaxın olduğunu bildirib.