İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasının (RFF) prezidenti seçilməkdən imtina edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 39 yaşlı keçmiş qolkiper şəxsi "Twitter" səhifəsində məlumat verib.
O bildirib ki, bu qərarı verməyinin əsas səbəbi İspaniyadakı sosial, iqtisadi və epidemioloji vəziyyətdir. Kasilyas deyib ki, buna görə seçkilər onun üçün arxa plana keçib: "Ancaq bu qapını bağlamamışam. Seçkilərin ədalətli və açıq keçirilməsini istəyirəm".
Qeyd edək ki, İker Kasilyas RFF-in hazırkı prezidenti Luis Rubialeslə mübarizə aparmalı idi. Sabiq qapıçı "Real Madrid"in heyətində 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Super Kubokunu qazanıb. Ölkə yığmasının heyətində isə o, dünya və 2 dəfə Avropa çempionluğu əldə edib. Son olaraq Portuqaliya "Portu"sunda çıxış edən Kasilyas fevralda karyerasını bitirib.