Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge" komandası Almaniya II Bundesliqasında gələn mövsüm üçün də yerini təmin edib.
Spotnet.az-ın məlumatına görə, Aue təmsilçisi XXXII turda "Bohum"a 1:2 hesabı məğlub olsa da, liqada qalıb. Buna səbəb 16-cı sırada qərarlaşan "Karlsrue"nin cari turda "Regensburq"a eyni hesabla məğlub olmasıdır.
Nazarovun komandası sona iki tur qalmış rəqibindən 8 xal irəlidədir. 30 yaşlı hücumçu "Bohum"la görüşün 87-ci dəqiqəsində axilles dabanından zərbə alıb. Həmin zərbəni endirən Miloş Pantoviçə birbaşa qırmızı vərəqə göstərilib. Nazarovun özü isə 90+4-cü dəqiqədə əvəzlənib. Onun durumuna aydınlıq gəlməyib.
Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir.