Adını "Sabah" qoyan klub istedadlı futbolçuların sabahını məhv etməkdə davam edir.
Sportnet.az-ın məlumatına görə, bunlardan biri də Şakir Seyidovdur. Ötən mövsüm özünü yaxşı tərəfdən göstərməyi bacaran 20 yaşlı yarımmüdafiəçi indi çətin vəziyyətdədir.
Klubun 3 illik yeni müqavilə təklifini geri çevirən Azərbaycanın U-21 millisinin üzvü əvəzedici heyətə göndərilib. Onunla yanaşı, Emil Qasımov və Elçin Mustafayev də əsas komandanın məşqlərinə buraxılmırlar.
U-21-in əsas oyunçuları hesab olunan gənclər rəhbərliyin qeyri-peşəkarlığı nəticəsində bu cür aqibətlə üzləşiblər. Milli üzvlərinin düşdüyü vəziyyət AFFA-nı da narahat edir.
Məsələ burasındadır ki, "Sabah"ın prezidenti Maqud Adıgözəlov oyunçuların başqa komandaya keçməsinə də icazə vermir.
Əldə etdiyimiz məlumata görə, komandanın əvvəlki baş məşqçisi Jelko Sopiçin istefa verməsində də bu məsələ həlledici rol oynayıb. Xorvatiyalı mütəxəssis hələ qış fasiləsindən öncə Seyidovu tərifləyərək komandasında onun kimi 7-8 futbolçunun olmasını istəmişdi. İstedadlı yarımmüdafiəçinin əvəzedici komandaya göndərilməsini öz işinə müdaxilə kimi qiymətləndirən 46 yaşlı baş məşqçi başını götürüb komandadan qaçıb. Hətta “Sabah”ın bu ayrılığa görə Sopiçə 100 000 manat təzminat ödədiyi deyilir.
Hələlik yeni baş məşqçi Visente Qomezin bu özbaşınalıqdan xəbərdar olub-olmadığı məlum deyil. Amma "Sabah" sözünün mənasını başa düşən nəinki baş məşqçi, hətta "məmə deyəndən pəpə yeyən"ədək hər kəs klubun öz adına uyğun olmayan, məntiqsiz addım atmasının fərqindədir. Maqsud Adıgözəlov bunu anlamırsa və ya anlamaq istəmirsə, o başqa məsələ...