Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib. Sportnet.az-ı məlumatına görə, "ASCO Arena"da "Səbail" "Qəbələ"ni qəbul edib.
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüşün ilk yarısı qolsuz tamamlanıb. 52-ci dəqiqədə "Qəbələ"nin legioneri Merab Giqauri ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. "Səbail" say üstünlüyündən 10 dəqiqə sonra yararlanmağı bacarıb. Amil Yunanov keçmiş komandasını məyus edərək, paytaxt təmsilçisinə qələbə qazandırıb - 1:0.
Bununla da xalını 24-ə çatdıran "Səbail" "Qəbələ"yə çatıb. Hazırda əyalət və paytaxt komandaları 5-6-cı yerləri bölüşdürürlər.
Qeyd edək ki, turun açılış oyununda "Neftçi" səfərdə "Keşlə"ni darmadağın edib - 3:0. Tura mayın 4-də "Qarabağ" - "Keşlə" və "Sumqayıt" - "Sabah" görüşləri ilə yekun vurulacaq.
----------------------------
Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
Sportnet.az xəbər verir ki, günün ilk oyununda "Keşlə" çempionluğa iddialı "Neftçi"ni qəbul edib.
“ASK Arena”dakı qarşılaşma gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.
Matç "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu "Keşlə"nin futbolçusu Tərlan Quliyev 38-ci dəqiqədə öz qapısına vurub. 74-cü dəqiqədə "ağ-qaralar"ın tanınmış futbolçusu Keysuke Honda fərqi iki topa çatdırıb. Bununla da yaponiyalı yarımmüdafiəçi yeni komandasında rəsmi oyunlarda ilk qola imza atıb. Matçda son nöqtəni isə görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə flaqmanın kapitanı Emin Mahmudov qoyub.
Bu nəticədən sonra xallarının sayını 50-ə çatdıran "Neftçi" ən azı bir günlük liderliyi ələ alıb. "Keşlə" isə 23 xalla 6-cı sıradadır.
Qeyd edək ki, günün digər matçında "Səbail" "Qəbələ"ni qəbul edəcək. Turun "Sumqayıt" - "Sabah" və "Qarabağ" - "Zirə" oyunları mayın 4-də keçiriləcək.
-------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.
Çempionluğa iddialı komandalardan "Neftçi" "Keşlə"nin qonağı olacaq. Hazırda 47 xalı olan flaqman lider "Qarabağ"dan üç xal geridədir. Meydan sahibləri isə 23 xalla 6-cı sırada qərarlaşıb.
Komandalar indiyədək çempionatda 65 dəfə üz-üzə gəliblər. Bunların 15-də "Keşlə", 35-də isə "ağ-qaralar" qələbə qazanıb. Topların nisbətində də "Neftçi"nin aşkar üstünlüyü var - 100:65. Meydan sahibləri Premyer Liqadakı son 4 matçda rəqibinə uduzub. “Neftçi” həm də ardıcıl 9 səfər matçında meydandan qolsuz ayrılmayıb.
Günün ikinci oyununda autsayder "Səbail" "Qəbələ"ni qəbul edəcək. "Qırmızı-qaralar" 24 xalla 5-ci, "dənizçilər" isə 21 xalla sonuncu-8-cidir.
Bu, komandaların Premyer Liqadakı 15-ci matçı olacaq. Əvvəlki 14 oyunun 3-də paytaxt klubu, 6-da əyalət təmsilçisi meydanı 3 xalla tərk edib. Topların fərqində "Qəbələ" üstündür - 24:15. Qonaqlar son 8 matçda meydanı qolsuz tərk etməyib. “Səbail”in meydanındakı son 4 oyunda hər iki komanda qol vurub.
Azərbaycan Premyer Liqası, XXV tur
3 may (bazar ertəsi)
18:00. “Keşlə” – “Neftçi” - 0:3
Qollar: Tərlan Quliyev, 38 (avtoqol), Keysuke Honda, 74, Emin Mahmudov, 90+2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASK Arena”
20:15. “Səbail” –“Qəbələ” - 1:0
Qol: Amil Yunanov, 62
Qırmızı vərəqə: Merab Giqauri, 52 ("Qəbələ")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”
Qeyd edək ki, turun "Sumqayıt" - "Sabah" və "Qarabağ" - "Zirə" oyunları mayın 4-də keçiriləcək.