
Ukrayna milli komandasının və İngiltərənin "Vest Hem" klubunun futbolçusu Andrey Yarmolenko karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportnet.az-ın "Haber365"ə istinadən məlumatına görə, 32 yaşlı hücumçunun xidmətlərində "Qalatasaray" və "Fənərbağça" maraqlıdır. "Sarı-qırmızılar" təcrübəli forvarda ildə 2,5 milyon avro, "sarı-lacivərdlilər" isə 3 milyon avro ödəməyə hazırdır. Oyunçunun "Vest Hem"i tərk etmək istədiyi bildirilir.
Qeyd edək ki, Andrey Yarmolenko karyerasına Ukrayna "Desna"sında başlayıb. Bundan sonra 11 il Kiyev "Dinamo"sunda çıxış etmiş hücumçu 2017-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) komandasına keçib. O, "Vest Hem"də 2018-ci ildən forma geyinir. Ukrayna millisinə 2009-cu ildən dəvət alan Yarmolenko AVRO-2020-də 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.