UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Neftçi" ilə qarşılaşacaq Gürcüstanın "Dinamo" (Tbilisi) klubu Bakıya sabah gələcək.
Paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Sportnet.az-a verdiyi məlumata görə, Tbilisi klubu günün ilk yarısında Azərbaycan paytaxtında olacaq. O, rəqib komandanın Bulvar otelində qalacağını bildirib.
Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeşin buraxılmasına icazə verilib. Allahverdiyev qarşıdakı oyun üçün biletlərin bu gün və ya sabah satışa çıxarılacağını söyləyib: "Satışa 4 minə yaxın bilet çıxarılacaq. Qiymətlər barədə dəqiq məlumat yoxdur. Yəqin ki, əvvəlki kimi olacaq".
Qeyd edək ki, "Neftçi" və "Dinamo" komandaları arasında cavab görüşü iyulun 14-də "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq. Tbilisidəki ilk oyunda "ağ-qaralar" 2:1 hesablı qələbə qazanıb.