"Təlim-məşq toplanışımızın ilk mərhələsini - Bakı hazırlığını başa vurduq. Bu müddətdə 3 yoxlama oyunu keçirdik. Əvəzedici komandamızla, "Sabah" və "Qəbələ" ilə qarşılaşdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
39 yaşlı mütəxəssis paytaxtda keçdikləri hazırlıq mərhələsini müsbət dəyərləndirib: "Mövsüm öncəsi hazırlıqda qış toplanışından fərqli olaraq vaxt daha çox olur. Bu 3 həftədə əsasən fiziki cəhətdən və oyun planında komandanın hazırlığını daha da yaxşılaşdırmağa çalışdıq. Bəzi gedişatlar üzərində işlədik, oyundan-oyuna futbolçularda da inkişaf hiss olunurdu. Həm fiziki baxımdan, həm də oyun planında bəzi kompanentləri yaxşılaşdırıdıq".
İyulun 18-də Türkiyəyə yollanacaqlarını deyən Sadıqov qardaş ölkədə daha 3 görüşə çıxacaqlarını xatırladıb. Onun fikrincə, çatışmazlıqları aradan qaldırmaq baxımından hər bir oyun komandası üçün önəmlidir: "İki həftəlik toplanışdan sonra Bakıda çempionat öncəsi daha bir yoxlama oyunu keçirəcəyik. İnanıram ki, 14-15 avqustadək lazımi formanı yığa biləcəyik".