
Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün son matçında "Keşlə" və "Sumqayıt" komandaları üz-üzə gəliblər. "ASK Arena"dakı qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hər iki qolu "gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Rəhim Sadıxov vurub. O, 83 və 89-cu dəqiqələrdə fərqlənib.
Görüşün əvvəlində "Sumqayıt" ciddi itki ilə üzləşib. Qapıçı Aydın Bayramov zədələnərək, meydanı tərk edib. Onu Tərlan Əhmədli əvəzləyib.
Beləliklə, səfərdə "Keşlə"yə qalib gələn "Sumqayıt" mövsümə uğurlu start verib. Bu nəticədən sonra 3 xalı olan kollektiv top fərqinə görə zirvədə qərarlaşıb. "Keşlə" isə sonuncu pillədədir.
Günün ilk oyununda "Səbail" səfərdə "Sabah"ı minimal hesabla məğlub edib.
Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
--------------------------------------
Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Sabah" və "Səbail" komandaları üz-üzə gəliblər. Masazırdakı "Bank Respublika Arena"dakı görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qol ilk hissədə vurulub. "Dənizçilər"in heyətində yeni transfer Yurgen Qoca fərqlənib. Albaniyalı müdafiəçi 30-cu dəqiqədə başqa qapını dəqiq nişan alıb. 89-cu dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Şakir Seyidov hesabı bərabərləşdirsə də, qol oyundankənar vəziyyətdən vurulduğu üçün qeydə alınmayıb. Görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə "Sabah" azlıqda qalıb. Coy-Lans Mikels ikinci sarı vərəqəni görərək, meydandan qovulub.
Bu qələbədən sonra "Səbail" 3 xalla birinci pillədə, "Sabah" isə sonuncu - 8-cı sırada qərarlaşıb.
Günün digər oyunu "Keşlə" və "Sumqayıt" arasında olacaq. "ASK Arena"dakı görüş saat 20:30-da başlayacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
--------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, cari çempionatda da 8 komanda - "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə", "Sabah", "Keşlə", "Qəbələ" və "Səbail" mübarizə aparacaq.
Sayca yubiley - 30-cu mövsümün ilk turu 2 oyunla başlayacaq. Günün ilk matçı Masazırda keçiriləcək "Sabah" "Bank Respublika Arena"da "Səbail"lə qarşılaşacaq. Start fiti saat 18:30-da veriləcək görüşü Rəşad Əhmədov idarə edəcək. Bu, komandaların ölkə çempionatında 11-ci dueli olacaq. Əvvəlki qarşılaşmalardə hərəyə 4 qələbə qazanan tərəflər 3 görüşdə sülhə razılaşıblar. Topların nisbəti də bərabərdir - 12-12. “Səbail” son 2 oyunda qol buraxmayıb. “Sabah” isə evdəki son 5 matçda uduzmayıb.
Günün son oyununda Azərbaycan Kubokunun son finalçıları - "Keşlə" və "Sumqayıt" üz-üzə gələcək. "ASK Arena"dakı matçın baş hakimi Kamal Umudlu olacaq. Klublar arasında əvvəlki 51 görüşün 16-da meydan sahibləri, 9-da qonaqlar qalib gəliblər. 10 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbəti də paytaxt təmsilçisinin xeyrinədir - 51:35. “Keşlə” son 3 matçda qalib gəlməyib. “Sumqayıt” isə ardıcıl 7 səfər oyununda qol vurub.
14 avqust (şənbə)
Azərbaycan Premyer Liqası
I tur
18:30. “Sabah” – “Səbail” - 0:1
Qol: Yurgen Qoca, 30
Qırmızı vərəqə: Coy-Lans Mikels, 90+3 ("Sabah)
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”.
20:30. “Keşlə” – “Sumqayıt” - 0:2
Qollar: Rəhim Sadıxov, 83, 89
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”.
Qeyd edək ki, tura avqustun 15-də oynanılacaq "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.