
"Neftçi"nin futbolçusu Samir Məsimov "Xəzər Lənkəran"la qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az gənc yarımmüdafiəçisi müsahibəsini təqdim edir.
- "Xəzər Lənkəran"la oyun haqda fikirlərinizi bildirərdiniz...
- Bizim üçün çox vacib oyunu idi. Dönüş nöqtəsi idi və qələbə qazanmalıydıq. Bu oyuna psixoloji cəhətdən köklənmək də çox çətin idi. Nəhayət ki, sonda qələbə qazanan tərəf biz olduq.
- Bu qələbədən sonra "Neftçi"də hər şeyin qaydasına düşəcəyini gözləmək olar?
- Çalışacağıq ki, əvvəlki yerimizə, birinci pilləyə qayıdaq. Bunun üçün məşqlər də yaxşı hazırlaşmaq lazımdır.
- Bu gün "Neftçi"nin ilk pilləyə qalxması nə dərəcədə realdır?
- "Qarabağ" AZAL-la oyunda qalib gəldi. Onlarla qarşıda iki oyunumuz var. Çalışacağıq ki, bu oyunlarda qələbə qazanaq. Bilirik ki, çətin olacaq, ancaq qələbə qazanaraq mümkün qədər irəliləmək lazımdır.
- Qələbəyə baxmayaraq komanda zəif çıxış edirdi...
- Psixoloji cəhətdən çətinlik vardı. Bütün problemlər də bundan qaynaqlanırdı. İnanıram ki, bundan sonra qələbələrə davam edəcəyik.
- Qoldan sonra niyə ehtiyat oyunçular skamyasına tərəf qaçdınız?
- Mən buna qədər ehtiyat oyunçular skamyasında çox oturmuşdum. Ona görə qol vuranda da sevincimi bu gün göstərdim. Üstəlik Saşa Stamenkoviç mənim dostumdur. Ona söz vermişdim ki, qol vursam belə edəcəm.
- "Qəbələ" ilə oyunda start heyətində yer ala bilərsiniz?
- Hər şey baş məşqçidən asılıdır. Çalışacam ki, əsas heyətdə yer alım.