Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci martçında "Qarabağ" son çempion "Neftçi"ni qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə "köhlən atlar" daha üstün başlayıb. 10-cu dəqiqədə Filip Ozobiç meydan sahiblərini hesabda önə keçirib. 4 dəqiqə sonra isə Abdullah Zubir "ağ-qaralar"ı növbəti dəfə mərkəzə dəvət edib. Ozobiç 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə özünün ikinci, komandasının isə üçüncü qoluna imza atıb.
"Neftçi"nin müdafiəçisi Ömər Buludov 37-ci dəqiqədə zədələndiyi üçün görüşə davam edə bilməyib. Onun yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub. 90+2-ci dəqiqədə Marko Vesoviç komandasının 4-cü qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Qarabağ" vahid lider olub. Qonaqlar isə 17 xalla ikinci sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Zirə" "Keşlə"ni 2:0 hesabı ilə üstələyib. IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları oktyabrın 31-də olacaq.
--------------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Zirə" "Keşlə"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"ın qollarını 17-ci dəqiqədə Loris Broqno, 42-ci dəqiqədə isə Ağabala Ramazanov vurub.
Qələbə sayəsində xallarının sayını 15-ə çatdıran "Zirə" 3-cü pillədəki "Qəbələ"yə çatıb. 7 xala malik "Keşlə" isə 7-ci sırada qərarlaşıb. 90+4-cü dəqiqədə "Keşlə"nin futbolçusu Tural Axundov rəqibə qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" son çempion "Neftçi" ilə üz-üzə gələcək. IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları oktyabrın 31-də olacaq.
------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.
Sportet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Turun açılış matçında 12 xalla 4-cü pillədə qərarlaşan "Zirə" 7 xalla 7-ci sırada gedən "Keşlə"ni qəbul edəcək. Bu, komandaların Premyer Liqada 25-ci dueli olacaq. Əvvəllər 8 matçda meydan sahibləri qələbə qazanıbsa, 6 qarşılaşmada "Keşlə" 3 xala sevinib. 10 görüşdə isə qalib müəyyənləşməyib. "Qartallar" rəqibinə çempionatdakı son 5 oyunda uduzmayıb.
Günün və turun mərkəzi oyununda "Qarabağ" və "Neftçi" üz-üzə gələcək. 17 xala malik olan tərəflər ilk iki pilləni bölüşürlər. Əzəli rəqiblər indiyədək Azərbaycan çempionatları tarixində 84 dəfə qarşılaşıblar. Bunların 31-də Ağdam təmsilçisi, 23-də flaqman qələbə sevinci yaşayıb. 30 matç isə heç-heçə ilə başa çatıb. Premyer Liqadakı son 7 görüşdən yalnız birində meydan sahibi olan tərəf qələbə qazana bilib. Bundan əlavə, “Neftçi” son 3 oyunda "köhlən atlar"ın qapısına yol tapıb.
"Ağ-qaralar"ın heyətində Ömər Buludov və Xorxe Korreanın mikrozədələri var. Onların görüşdə iştirakına məşqçilər korpusu qərar verəcək. "Qarabağ"da isə əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero, əzələsini dartan Qaspar Panadero, zədələrini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov və Elvin Cəfərquliyevin də meydana çıxmayacağı dəqiqdir.
Qarşılaşmanın qiymətləri müvafiq olaraq 2 manat, 3 manat, 5 manat və 15 manat təşkil edir.
Azərbaycan Premyer Liqası, IX tur
30 oktyabr (şənbə)
16:00. “Zirə” – “Keşlə” - 2:0
Qollar: Loris Bronyo, 17. Ağabala Ramazanov, 42
Qırmızı vərəqə: Tural Axundov, 90+4
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu
18:30. “Qarabağ” – “Neftçi” - 4:0
Qollar Filip Ozobiç, 10; 23 (p) Abdullah Zubir, 14. Marko Vesoviç, 90+2
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”
Qeyd edək ki, IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" qarşılaşmaları oktyabrın 31-də olacaq.