Futbol üzrə Azərbaycan Premyer Liqasında Zəfər turunun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Qarabağ"ı qəbul edib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Hesabı 39-cu dəqiqədə Ramil Şeydayev açıb. O, qapıçı ilə təkbətəkdən yararlanmağı bacarıb. 45+3-cü dəqiqədə Musa Qurbanlı "Sumqayıt"ın qapısı qarşısına ötürmədən sonra son toxunuşu edərək, fərqi artırıb.
Fasilədən sonra "Qarabağ" daha 2 qol vurub. 51-ci dəqiqədə kapitan Maksim Medvedev Məsiyevin təyin etdiyi penaltini dəqiq yerinə yetirib. Oyunda son nöqtəni isə Musa Qurbanlı 76-cı dəqiqədə qoyub. Baş məşqçi Qurban Qurbanovun oğlu özünün ikinci, komandasının dördüncü qolunu vurub.
Görüşün sonlarında "Qarabağ" azarkeşləri "Neftçi" və ötən mövsümün son turunda flaqmanla oyunu idarə etmiş və elə bu qarşılaşmanın da baş hakimi olan Elçin Məsiyevin əleyhinə şüarlar səsləndiriblər.
Bu qələbə sayəsində "Qarabağ" 10 oyundan sonra xallarını 23-ə çatdıraraq, liderliyini möhkəmlədib. Ağdam komandasının ən yaxın izləyicisi "Qəbələ" ilə xal fərqi 5-ə bərabərdir. 11 xala malik "Sumqayıt" isə 5-ci pillədə yer alıb.
Xatırladaq ki, ümumilikdə 17 qolun vurulduğu turun əvvəlki oyunlarında "Keşlə" evdə "Neftçi"yə 3:2, "Qəbələ" səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib. "Sabah" - "Zirə" matçında isə məhsuldar heç-heçə qeydə alınıb - 3:3.
--------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Zəfər turu"nda günün ilk qarşılaşması "Səbail" və "Qəbələ" komandaları arasında olub.
Matç əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 88-ci dəqiqədə Emil Səfərov vurub. 90+5-ci dəqiqədə Məqsəd İsayev fərqi iki topa çatdırıb.
56-cı diqəqədə paytaxt klubunda Yurgen Qoca ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "qırmızı-qaralar" 2-ci pilləyə yüksəlib. 9 xala malik paytaxt təmsilçisi isə 7-ci sıradadır.
Qeyd edək ki, tura bu gün oynanılacaq "Sumqayıt" - "Qarabağ" matçı ilə yekun vurulacaq. "Zəfər turu"nun digər qarşılaşmalarında "Keşlə" evdə "Neftçi"ni 3:2 hesabı ilə üstələyib. "Sabah" - "Zirə" görüşündə isə heç-heçə qeydə alınıb - 3:3.
-----------------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun növbəti oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, "Zəfər turu"na iki qarşılaşma ilə yekun vurulacaq.
Günün ilk matçında "Səbail" "Qəbələ"ni qəbul edəcək. Paytaxt klubu 9 xalla 7-ci, əyalət təmsilçisi 15 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar Premyer Liqada indiyədək 16 dəfə üz-üzə gəliblər. Bunların 7 də qonaqlar, 4 də isə "dənizçilər" meydanı 3 xalla tərk edib. Topların fərqində də "qırmızı-qaralar"ın aşkar üstünlüyü var - 29:16.
Tura "Sumqayıt" - "Qarabağ" görüşü ilə yekun vurulacaq. Ağdam klubu 20 xalla liderdir, "gənclik şəhəri" təmsilçisi 11 xalla 5-ci yerdədir. Tərəflər ölkə çempionatlarında 36 dəfə qarşılaşıblar. Meydan sahibləri 5, qonaqlar isə 26 qələbə qazanıb. 5 oyunda isə qalib müəyyənləşməyib. "Qarabağ" son 6 oyundur rəqibinə uduzmur. “Sumqayıt” isə son üç ev matçında xal qazanıb.
Azərbaycan Premyer Liqası
X tur
7 noyabr (bazar)
15:00. “Səbail” – “Qəbələ” - 0:2
Qollar: Emil Səfərov, 88. Məqsəd İsayev, 90+5
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”
19:30. “Sumqayıt” – “Qarabağ” - 0:4
Qollar: Ramil Şeydayev, 39. Musa Qurbanlı, 45+3; 77. Maksim Medvedev, 51 (pen.)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”
Qeyd edək ki, "Zəfər turu"nun digər qarşılaşmalarında "Keşlə" evdə "Neftçi"ni 3:2 hesabı ilə üstələyib. "Sabah" - "Zirə" görüşündə isə heç-heçə qeydə alınıb - 3:3.