"Qısa müddət öncə sizinlə bu məqsədlə görüşəcəyimi düşünmürdüm. Kamran Quliyevdən təklif gəldi və qərarımı verdim. Bu kluba keçdiyim üçün şadam. Ümid edirəm ki, hər birimiz və klubumuz üçün uğurlu olacaq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni idman direktoru Zaur Əzizov mətbuat konfransında deyib.
"Deyilən sözlər məni məsuliyyətli edir. Etimatları doğrultmağa çalışacağıq. Klubun keçmiş azarkeşi kimi işimizin öhdəsindən gələcəyimizə ümid edirəm. "Görəcəyimiz işlər eynidir. Klubdakı hədəflər bəllidir. "Nefçi"yə olan diqqət isə daha fərqlidir. İlk gündən bunun fərqindəyəm. Bu barədə narahatlığım yoxdur. Hər klubda çatışmayan bir çox cəhət ola bilər, - deyə o əlavə edib
Əzizov klub rəhbərliyi, məşqçilər korpusu ilə müzakirələr apardıqdan sonra çatışmayan cəhətlər barədə danışa biləcəyini vurğulayıb: "Sabit komanda yaratmağın bir yolu var: Uğurlu məşqçilər korpusu və futbolçu heyəti formalaşdırmaq. Bunlar "Neftçi"də kifayət qədər var. Əsas məqsədimiz inkişaf olacaq. Əsas komandanı akademiyadan ayırmaq olmaz. İlkin dönəmdə işlə tanış olacağıq. Klubun akademiyası ilə bağlı hələlik kifayət qədər məlumatım yoxdur. Müəyyən vaxtdan sonra müzakirələr olacaq".
"Qışda klublarda ciddi dəyişiklik olmur. Yay üçün yaxşı vəziyyətə gəlmək lazımdır. Avrokuboklara kimi dəyişikliklər etməliyik. Çatışmazlıqlarımız da bəllidir" deyən Əzizov baş məşqçi Samir Abasov haqqında fikrinin müsbət olduğunu sözlərinə əlavə edib: "Əminəm ki, uğurlu şəkildə bərabər işləyəcəyik. Onunla ilk dəfə birlikdə çalışacağıq. İlk görüşümüz də qısa olub. Bu isə fikir bildirmək üçün kifayət etmir. Abasov baş məşqçiyə lazım olan özəl xüsusiyyətlərə malik insan və mütəxəssisdir. Ona necə kömək ola bilərəmsə, 24 saat buna hazıram".