"Neftçi"nin futbolçusu Mamadu Kanenin çıxış etdiyi Qvineya yığması Afrika Millətlər Kubokunda növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, B qrupunda yer alan kollektiv üçüncü turda Zimbabve seçməsi ilə qarşılaşıb. Görüş qvineyalıların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Oyuna start heyətində başlayan 25 yaşlı yarımmüdafiəçi sonadək meydanda qalıb. 49-cu dəqiqədə məhsuldar ötürmə müəllifi olan Kane görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qvineya millisi məğlubiyyətə baxmayaraq qrupda 2-ci yeri tutub və pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsus olan Mamadu Kane "Neftçi"də icarə əsasında çıxış edir.