"Keşlə"nin əvəzedici və 12 yaşadək futbolçulardan ibarət komandalarının baş məşqçiləri cəzalanıb.
Sportnet.az-ın məlumatına görə, Rüstəm Əliyev və Xəyyam Bəkirov hakimlər briqadasını təhqir etdikləri üçün diskvalifikasiyaya məruz qalıblar.
Əliyev I Divizionda “Zaqatala” ilə səfər matçının 79-cu dəqiqəsində hakimlər briqadasının ünvanına nalayiq ifadələr işlədərək, birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. AFFA İntizam Komitəsi ona 5 oyunluq cəza verib, klubunu 400 manat cərimələyib.
Bəkirov isə “Xocalı” komandası ilə səfər qarşılaşmasının 48-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Üstəlik, o, matç bitdikdən sonra yenidən meydana daxil olaraq, hakimi təhqir edib. İntizam Komitəsi baş məşqçini 3 oyunluq cəzalandırıb.