AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondunun (FİF) Himayəçilər Şurasının yeni heyətlə ilk iclası keçirilib.
Sportnet.az-ın məlumatına görə, fondun icraçı direktoru Tural Piriyev tədbiri giriş sözü ilə açaraq Himayəçilər Şurasının üzvlərini təqdim edib.
Himayəçilər Şurasında xalq artisti Fəxrəddin Manafov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev, futbol veteranları Yunis Hüseynov və Vəli Qasımov, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov, “Azercell Telecom”un korporativ kommunikasiya direktoru Sona Abbasova, CBC Sport telekanalının Proqram Direktoru Rüstəm Əfsərli və sahibkar Şaiq Qəribzadə yer alıb.
Açıq səsvermə ilə Vəli Qasımov növbəti 1 il müddətinə Fondun Himayəçilər Şurasının sədri seçilib. Nizamnaməyə uyğun olaraq, sədr seçkisi hər il keçiriləcək.
Sonra Fondun strategiyası, qarşıya qoyulan məqsədlər, tədbirlər planı, hazırlanan ianə platforması baradə fikir mübadiləsi aparılıb. 2022-ci il ərzində Gəncə, Tovuz, Lənkəran, Mingəçevir və Zaqatala nümayəndəliklərinin fəaliyyətə başlaması razılaşdırılıb. Həmçinin nizamnaməyə ediləcək dəyişiklilər müzakirə olunub.
2016-cı ildə təsis olunmuş Futbolun İnkişaf Fondu qarşısına fəaliyyəti genişləndirərək region klublarına dayanıqlı maliyyə mənbələri tapmaqda kömək etmək, ən vacibi isə cəmiyyətin hər bir fərdinə region klublarının inkişafında iştirak etmək imkanı yaratmaq məqsədi qoyub. Bunun üçün FİF dövlət və beynəlxalq qurumlar, yerli və beynəlxalq şirkətlərlə davamlı əməkdaşlıq edəcək, maliyyə cəlb olunması üçün bütün mümkün maliyyə mənbələrini aşkarlamağa çalışacaq. Həmçinin yerli əhaliyə və diaspor nümayəndələrinə öz region klublarına dəstək olmaları üçün imkan yaradılacaq.