Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, III dövrənin son oyununda "Neftçi" "Zirə"ni qəbul edib.
"Bakcell Arena"da keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib. "Zirə"nin qolunu 88-ci dəqiqədə Ahmed Ayzaya vurub. Meydan sahiblərində isə Tiaqo Bezerra 90+5-ci dəqiqədə penaltidən fərqlənib
59-cu dəqiqədə "qartallar"dan Coşqun Diniyev ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 77-ci dəqiqədə isə "Neftçi"dən Eddi İsrafilov eyni aqibəti yaşayıb. Bundan başqa, qonaqlar qol vurduqdan sonra ehtiyat oyunçular skamyasında Ağabala Ramazanov baş hakim İnqilab Məmmədovla mübahisə etdiyi üçün ardıcıl iki sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb.
Bu nəticədən sonra xalını 38-ə çatdıran "Neftçi" 2-ci, 36 xala malik "Zirə" 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, günün ilk qarşılaşmasında "Qəbələ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. İlk oyun günündə "Qarabağ" evdə "Səbail"ə 5:1, "Sabah" səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun növbəti görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Keşlə"ni qəbul edib. Baş hakim Fərid Hacıyevin idarə etdiyi oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İlk qolu 32-ci dəqiqədə "Keşlə"nin futbolçusu Merab Giqauri vurub. Gürcüstanlı yarımmüdafiəçi baxımlı qolla keçmiş komandasını məyus edib. Fasilədən dərhal sonra meydana daxil olan Omar Hani isə 47-ci dəqiqədə tarazlığı bərpa edib.
51-ci dəqiqədə qonaqlar azlıqda qalıb. Tərlan Quliyev top uğrunda mübarizə zamanı "Qəbələ"nin legioneri Rafael Utziqi vurmağa cəhd etdiyi üçün birbaşa qırmızı vərəqə alıb.
Lakin meydan sahibləri say üstünlüyündən yararlana bilməyib. Beləliklə, tərəflər hərəyə 1 xalla kifayətlənməli olub.
Bu nəticədən sonra xalını 34-ə çatdıran "Qəbələ" 4-cü, 20 xala malik "Keşlə" 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" evdə "Səbail"ə 5:1, "Sabah" səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib. Tura bu gün saat 17:15-də başlanacaq "Neftçi" - "Zirə" matçı ilə yekun vurulacaq.
-------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə də 2 qarşılaşma keçiriləcək.
Günün ilk oyunu Qəbələdə eyniadlı komanda ilə "Keşlə" arasında olacaq. Hazırda əyalət təmsilçisi 33 xalla 4-cü, paytaxt klubu isə 19 xalla 6-cı pillədə qərarlaşıb.
İki kollektiv indiyədək ölkə çempionatında 53 dəfə üz-üzə gəlib. Bunların 16-da meydan sahibləri, 19-da qonaqlar qələbə qazanıblar. 18 görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti də "Keşlə"nin xeyrinədir - 71:56.
Son üç görüşdə hər iki komanda qol vurub. “Qəbələ” son iki ev matçında qalib gəlib.
Tur mərkəzi oyunla başa çatacaq. 37 xalla 2-ci pillədə yer alan "Neftçi" "Bakcell Arena"da 35 xalla 3-cü yerdə gedən "Zirə"ni qəbul edəcək.
Bu, iki kollektiv arasında Premyer Liqada yubiley - 25-ci duel olacaq. Əvvəlki 24 görüşün 7-si flaqmanın, 11-i "qartallar"ın xeyrinə başa çatıb. 6 oyunda qalib müəyyənləşməyib. Bu matçlarda meydan sahibləri 26, qonaqlar 25 qol vurublar.
“Neftçi” son üç oyunda qalib gəlib. “Zirə” son 7 səfər matçında qələbə qazana bilməyib.
Azərbaycan Premyer Liqası
XXI tur
3 aprel (bazar)
15:00. "Qəbələ” – “Keşlə” - 1:1
Qollar: Omar Hani, 47 - Merab Giqauri, 32
Qırmızı vərəqə: Tərlan Quliyev, 51 ("Keşlə")
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu.
17:15. "Neftçi” – “Zirə” - 1:1
Qollar: Tiaqo Bezerra, 90+5 (pen.) - Ahmed Ayzaya, 88
Qırmızı vərəqələr: Eddi İsrafilov, 66 - Coşqun Diniyev, 60. Ağabala Ramazanov, 90
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”.
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" evdə "Səbail"ə 5:1, "Sabah" isə səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.