
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vurulub.
Sportnet.az xəbər verir ki, XXVIII turun sonuncu oyununda çempion "Qarabağ" gümüş mükafatçı "Neftçi"ni qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 5-ci və 14-cü dəqiqələrdə Patrik Andrade, 10-cu dəqiqədə Kadi Borges fərqlənib.
57-ci dəqiqədə qonaqların qapıçısı İvan Brkiç avtoqol müəllifi olub. 71-ci dəqiqədə isə Ramon Maçado təsəlli qoluna imza atıb.
"Qarabağ" qələbə sayəsində xallarının sayını 69-a çatdırıb. "Neftçi" isə 50 xalda qalıb.
Qeyd edək ki, günün ilk matçlarında "Zirə" "Şamaxı" ilə qolsuz heç-heçə edib. "Qəbələ" isə "Sabah"la bərabərə qalıb - 1:1. "Sumqayıt" isə "Səbail"i 5 cavabsız qolla üstələyib.
-------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün üçüncü matçında "Sumqayıt" "Səbail"i qəbul edib.
Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 4-cü dəqiqədə Anatoli Nuriyev, 35 və 42-ci dəqiqələrdə Əli Qurbani, 51-ci dəqiqədə Elvin Bədəlov, 86-cı dəqiqədə isə Vüqar Bəybalayev vurub.
Xallarının sayını 22-yə çatdıran "Sumqayıt" mövsümü 7-ci, 15 xala malik "Səbail" isə sonuncu - 8-ci pillədə başa vurub.
Qeyd edək ki, günün ilk matçlarında "Zirə" "Şamaxı" ilə qolsuz heç-heçə edib. "Qəbələ" isə "Sabah"la bərabərə qalıb - 1:1.
-----------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün sonuncu - XXVIII turuna start verilib.
Sportnet.az-ın məlumatına görə, bürünc medalların taleyini yaxından maraqlandıran oyunlarda "Zirə" "Şamaxı"nı, "Qəbələ" isə "Sabah"ı qəbul edib.
Paytaxtdakı matçda qapılara qol vurulmayıb. 87-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Hamidu Keyta birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Əyalətdəki qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Qırmızı-qaralar"dan 68-ci dəqiqədə Murad Musayev, qonaqlardan isə 86-cı dəqiqədə Aleksey Kaşuk fərqlənib.
Beləliklə, bu nəticələrdən sonra "Zirə" xallarını 47-yə çatdıraraq, 3-cü pillədəki mövqeyini qoruyub və bürünc medallara sahib çıxıb. "Şamaxı" hələlik 22 xalla 6-cı sıradadır.
45 xalı olan "Qəbələ" mövsümü 4-cü, 41 xalı olan "Sabah" isə 5-ci yerdə bitirib.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Sumqayıt" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.
--------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, sonuncu - XXVIII turun 2 oyunu eyni saatda başlayacaq.
Avrokuboklara vəsiqəni ötən tur təmin edən "Zirə" "Şamaxı"nı qəbul edəcək. 46 xalla 3-cü pillədə qərarlaşan "qartallar" qələbə qazanacağı halda bürünc medallara sahib çıxacaq. 21 xalı olan "Şamaxı" isə hazırda 6-cı sırada yer alıb.
Komandalar indiyədək ölkə çempionatında 26 dəfə rəqib olublar. Bunların 10-da meydan sahibləri, 6-da qonaqlar qalib gəlib. Topların nisbəti də Rəşad Sadıqovun baş məşqçi olduğu komandanın xeyrinədir - 33:27. "Zirə" son 7 oyunda uduzmayıb. "Şamaxı" isə son 4 matçda qol vurmayıb.
Bu oyunla eyni saatda start götürəcək digər qarşılaşmada 44 xalla 4-cü sırada gedən "Qəbələ" özündən 4 xal az toplayan və 5-ci olan "Sabah"ı qəbul edəcək. Növbəti mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək əyalət klubu çempionatı 3-cü yerdə bitirə bilər. "Qırmızı-qaralar" bunun üçün rəqibinə qalib gəlməli və "Zirə"nin xal itirməsini gözləməlidir.
Bu, iki kollektivin Premyer Liqadakı 15-ci dueli olacaq. Əvvəlki 14 qarşılaşmanın 5-i "Qəbələ"nin, 7-si "Sabah"ın xeyrinə başa çatıb. "Qırmızı-qaralar" rəqibin vurduğu 20 qola 14 topla cavab verib. "Sabah" son iki görüşdə üç qol vuraraq qalib gəlib. Qəbələdəki son 4 matçda hər iki komanda qol vurub.
Turun digər matçı Sumqayıtda eyniadlı komanda ilə "Səbail" arasında baş tutacaq. Bu görüşü autsayderlərin dueli də adlandırmaq olar. Çünki "gənclik şəhəri" təmsilçisi 19 xalla 7-ci, "dənizçilər" isə 15 xalla sonuncu - 8-cidir.
Komandalar bunadək ölkə çempionatında 17 dəfə üz-üzə gəlib. Bunların 8-də meydan sahibləri, 6-da qonaqlar qələbəni bayram edib. Topların fərqində də "Sumqayıt"ın üstünlüyü var - 18:14. Son 4 oyunda 2 və ya daha az qol qeydə alınıb. "Səbail" son 5 matçda yalnız bir dəfə qalib gəlib.
Mövsüm "Qarabağ" və "Neftçi" arasında keçiriləcək Azərbaycan derbisi ilə başa çatacaq. "Köhlən atlar" 66 xalla zirvədə, "ağ-qaralar" isə 50 xalla 2-ci pillədə qərarlaşıb.
Əzəli rəqiblər indiyədək Premyer Liqada 86 dəfə üz-üzə gəlib. Qələbə sayına görə Ağdam klubu rəqibini xeyli qabaqlayır - 33:23. Bu oyunlarda bölgə klubu 100, paytaxt təmsilçisi 78 qol vurub. Son 7 matçda heç-heçə qeydə alınmayıb. “Qarabağ” son 3 oyunda qalib gəlib.
Azərbaycan Premyer Liqası
XXVIII tur
21 may (şənbə)
17:00. “Zirə” – “Şamaxı” - 0:0
Qırmızı vərəqə: Hamidu Keyta, 87 ("Zirə")
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu, (canlı/CBC Sport)
17:00. “Qəbələ” – “Sabah” - 1:1
Qollar: Murad Musayev, 68 - Aleksey Kaşuk, 86
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu, (pfl.az/canlı)
19:00. “Sumqayıt” – “Səbail” - 5:0
Qol: Anatoli Nuriyev, 4. Əli Qurbanov, 35. 42. Elvin Bədəlov, 51. Vüqar Bəybalayev, 86
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena".
19:30. “Qarabağ” – “Neftçi” - 4:1
Qol: Patrik Andrade, 5. 14. Kadi Borges, 10. İvan Brkiç, 57 (avtoqol) - Ramon Maçado, 71
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”, (canlı/CBC Sport)
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçından sonra mükafatlandırılma mərasimi keçiriləcək.