Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Belçika yığmasında qeyri-müəyyənlik hökm sürür.
Sportnet.az "rtbf.be" saytına istinadən xəbər verir ki, hazırda əsas problem baş məşqçi ilə bağlıdır. Roberto Martinesin istefasından sonra yeni çalışdırıcı axtarışında olan federasiya hələlik namizədləri nəzərdən keçirir. Çox güman ki, komandanın sükanı arxasına təyinat 2023-cü il yanvarın 10-dan sonra baş tutacaq. Çünki müraciət üçün son tarix məhz həmin vaxt başa çatacaq.
Belçika millisində heyətlə bağlı da problemlər var. İspaniya "Real Madrid"inin hücumameylli yarımmüdafiəçisi Eden Azar Qətərdəki dünya çempionatında uğursuzluqdan sonra yığmadakı karyerasını bitirib. Tobi Alderveyreld və Yan Vertongenin durumu isə sual altındadır. Onların aqibətinə yeni baş məşqçi bəlli olduqdan sonra aydınlıq gələcək.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.