
"Möhtəşəm oyun alındı. Bu gün Azərbaycan futbolu qazandı. Azarkeşlər maraqlı mübarizənin, oyunun şahidi oldular. Sevindirici hal odur ki, iştirakımızla keçən son matçlar maraqlı alınır".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Kəpəz"lə 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının XVIII tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, matçı təhlil etmək çox çətindir: "Yaxşı başlamışdıq, üstünlük bizdə idi, qol vurmuşduq. Hər şey verilən qırmızı vərəqədən sonra döndü. İkinci qırmızı vərəqədən sonra çətin vəziyyətə düşdük. Buraxılan ikinci qol komandanı bir az da sarsıtdı. Amma fasilədə komanda özündə güc tapdı və yaxşı başladıq. Ərazi üstünlüyü "Kəpəz"dəydi, amma şansımızı gözləyirdik. Paltardəyişmə otağında uşaqlarla danışmışdıq ki, rəqibin sarı vərəqə cəzalısı olan oyunçuları var, daha çox təzyiq edib, "qırmızı" aldırmaq olar. Bilirdik ki, bunu etsək, oyun dəyişəcək. Plan işlədi. Düzdür, uduza da bilərdik".
O, hər komandadan iki futbolçuya qırmızı vərəqə verilən matçın hakimliyi haqqında çox danışmaq istəmədiyini söyləyib: "Fikirləşirdim ki, məğlub olsaq da, çalışacam hakimlik barədə danışmayım. Bilmirəm, epizodlara baxmaq, təhlil etmək lazımdır. Əsas etirazlarımızdan biri Hamidu Keytanın zərbəsindən sonra rəqib oyunçudan gedən topu qapıçının ələ götürməsi idi. Son ümid foluna görə qırmızı vərəqə verilir. Amma rəqib sarı vərəqə ilə cəzalandırıldı. Qaydalar o qədər inkişaf edib, detallaşıb ki...Eyni epizodlarda fərqli-fərqli şərhlər"...
Baş məşqçi Coşqun Diniyevin qırmızı vərəqə aldığı epizodu da şərh edib: "Epizodu görməmişəm. Gərək baxım. Açıq-aşkar qırmızıdırsa, gərək daha ehtiyatlı, səliqəli oynayardı. Xüsusən də oyun nəzarətimizdədir və hər şey istədiyimiz kimi gedirsə...Belə epizodlarda diqqətli olmaq lazımdır. Bilirik ki, bizə qarşı çox həssas qərarlar verilir. "Neftçi" ilə matçda Boqomolski - Çantakiasın dirsək epizodu bu oyunda əksinə olsaydı, bizə qırmızı veriləcəkdi. Bizə qarşı çox rahatlıqla, soyuqqanlı şəkildə qərarlar verilir. Amma qərəz olduğunu deyə bilmərəm. Nicat da gənc, yeni hakimimizdir".