"Bu cür meydanda oynamaq çətindir. Komandamı üç xal münasibətilə təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurensiu Regekampf səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis belə oyunları analiz etməyəcəyini bildirib: "Çünki bu oyun üçün atmosfer belə idi. Müdafiəyə qapanıb, əks-hücumlara çıxan komandaya qarşı oynamaq asan deyil. Gələcəyə baxıb, növbəti oyunlara hazırlaşmalıyıq".
Regekampfın fikrincə, Şamaxı şəhər stadionunun süni örtüklü olması futbol oynamaq istəyən komanda üçün üstünlük deyil: "Çünki dönmələr çətin olur. Hərəkətlər, hər bir şey normal meydandakı kimi baş vermir. Sürət də, həmin sürət olmur. Mövsümboyu təbii örtüklü meydanda məşq edən komandanın sonradan burada oynaması çətindir".
Baş məşqçi "Sizə elə gəlmir ki, oyununuzla yox, rəqibin fərdi səhvi ucbatından qalib gəldiniz" sualını belə cavablandırıb: "Bu cür oyunlarda səhv normaldır. Topu yaxşı ram etmək olmur. Başqa şanslarımız da var idi ki, qol vura bilərdik. Düşünürəm ki, Mateus Saldanyanın epizodu qol olsaydı, oyun daha tez açılacaqdı və bizim üçün daha rahat olacaqdı. Rəqib daha açıq futbol oynamalı idi. Biz qol vurandan sonra onların qapıçısı hər topu dərhal oyuna daxil edirdi. İstəmirəm ki, rəqibin oyunçularını tənqid edim. Ancaq bu cür faktları qeyd etmək istəyirəm. Onlar üçün vacib olan qol buraxmamaq, bizə uduzmamaq idi. Bunu əldə etmək üçün hər şeyə hazır idilər. Bu meydançada bir qol buraxdınsa, sonrası çətin olacaq".
Regekampf futbolçusu Kilan Lebonu fasilədə əvəzləməsinə də toxunub: "Onun ayağında problem var idi. Həkim heyəti əlindən gələni etdi ki, bu gün meydana çıxa bilsin. Buna baxmayaraq, oyunun gedişatında ağrılar hiss etdi və rəqiblə birəbir epizodlara girə bilmirdi. Ona görə də, fasilədə onu əvəzləməyə qərar verdim. Ümid edirəm ki, növbəti oyunlarda sərəncamımda olacaq".
Mütəxəssis sonda futbolçusu Vato Arveladza hqqında da danışıb: "Vato bizim üçün yaxşı seçimdir. Çox yaxşı məşq edir. Bu gün meydana çıxmağa layiq idi. Hər zaman ona şans verəcəyik".