
Ötən gün Azərbaycan 1-ci liqasının 5-ci turunda keçirilməli olan "İmişli" - "İrəvan" görüşü qonaq tərəfin futbolçularının oyunu boykot etməsi səbəbindən baş tutmadı. Qeyri-rəsmi xəbərlərə görə, "İrəvan" klubu futbolçuların borcunu ödəmədiyi üçün oyunçulardan bəziləri bu görüşə yollanmayıblar.
Sportnet.az xəbər verir ki, oyunla bağlı yekun qərarı AFFA-nın İcraiyyə Komitəsi verəcək.
Qaydalara əsasən, matça getməyən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir.
Qeyd edək ki, mövsümün əvvəlində AFFA-nı yaydığı açıqlamada 1-ci Liqa klublarının hər birinə illik 300 min manat vəsaitin ayrılacağı qeyd olunmuşdu.
Bəs "İrəvan" futbolçularının maaşlarının ödənilməməsinə və bu cür bir vəziyyətin yaranmasına səbəb nədir?
Məsələ ilə əlaqədar Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahdəldiyevlə əlaqə saxladıq. O, Qol.az saytına açıqlamasında problemin klubun özündən qaynaqlandığını və klubların büdcə planlamasına PFL-in qarışmadığını deyib:
"Bu, klubun daxili işidir. Futbolçuya veriləcək məvacibi klub özü müəyyənləşdirir. Bu da büdcə ilə əlaqədardır. Biz Peşəkar Futbol Liqası olaraq klubların daxili məsələlərinə qarışa bilmərik. Hansısa bir müdaxilə etmək imkanımız yoxdur".
A.Şahgəldiyev qeyd edib ki, dövlətin klublara ayırdığı vəsaitin xərclənməsinə Nəzarət Təftiş Komissiyası tərəfindən ciddi nəzarət edilir:
"Bilirsiniz ki, Nəzarət Təftiş Komissiyası yaradılıb. Həm Premyer Liqa, həm 1-ci liqa, həm də 2-ci liqa klublarına ayrılan vəsaitin xərclənməsinə Nəzarət Təftiş Komissiyası ciddi şəkildə nəzarə edir. Klublar hara, nə qədər pul xərcləyirlər, bunların hamısının hesabatı bir-bir alınır. Buna futbolçuların maaşı da daxildir. Məsələ odur ki, komandanın büdcəsi vəsaiti aşır. Verilən 300 min manat komandanın 1 il müddətində ayaq üstə qalması üçündür. Amma əgər klub futbolçulara daha artıq maaş vəd edirsə, müqavilədə də qeyd olunursa, biz buna nəsə edə bilmərik. Klub iddialı komanda yaradırsa,futbolçulara daha çox maaş verir. Məsələn, "Qarabağ"a da Premyer Liqadakı digər bütün klublar kimi 3 milyon manat vəsait ayrılır. Amma "Qarabağ"ın büdcəsi 3 milyon manat deyil axı. Daha çoxdur".