"İsveç milli komadasında çalışırdım. "Neftçi" lahiyəsi maraqlı gəldi. Yeni bir işi görmək üçün addım atdım. Yeni çağırışa cavab vermək maraqlı idi".
Sportnet.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni idman direktoru Yens Andersson bugünkü təqdimat mərasimində deyib.
İsveçli mütəxəssis qeyd edib ki, "Neftçi" ilə bağladığı iki illik müqavilə artırıla bilər: "Azərbaycanda daha çox vaxt keçirə bilərəm. Mənim planlarım var. Lakin hər hansı ölkəyə gəldikdə onun mədəniyyəti ilə tanış olmaq lazımdır. Onun əsasında planlarımı təqdim edəcəm".
İsveçdən "Neftçi"yə məşqçi gətirmək fikrində olmadığını deyən Andersson komanda ilə yeni tanış olduğunu bildirib: "Bildiyimiz kimi, təyinata qədər İsveçdə çalışırdım. İsveçdəki işlərin tamamlanması vaxt aldı. Ondan sonra Azərbaycana gəlmək üçün hazırlıq işləri görüldü. Daha sonra Azərbaycana gəlib klubla tanış olmağa başlamışam".
O, İsveç və Danimarkadakı iş müddətinin qısa olması ilə bağlı da danışıb: "Danimarkada iki il yarım işlədim. Əslində orda müqaviləmi uzada bilərdim. Amma ailəmlə İsveçə qayıtmaq qərarını verdim. Xorvatiyada isə çalışanda bəzi səbəblərə görə ayrıdım. Bunu açıqlamaq istəmirəm. Orda işləmək böyük təcrübə idi".
Yens Andersson "Neftçi" layihəsi nədir" sualını belə cavablandırıb: "Neftçi" rəhbərliyi mənə klubun planlarının təqdimatını etdi. Yeni gəlmişəm, istəyirəm əvvəlcə mədəniyyəti anlayım, ondan sonra yeni işlər üçün çalışacağıq. Əlavə olaraq mənim fəlsəfəmə görə, əvvəlcə nəticə, sonra danışmaqdır. Vədləri verib sonra yerinə yetirməmək prinsiplərimə uyğun deyil".
İsveçli mütəxəssis transfer məsələlərində cavabdeh olduğunu deyib: "İdman direktoru kimi transfer məsələlərini baş məşqçi ilə danışıb müzakirə etməlisən, maliyyə məsələlərinə gəldikdə isə rəhbərliklə danışmalısan. Düzdür, transfer məsələlərində cavabdeh mənəm. Mutu ilə görüşmüşük. Hazırda "Neftçi" 4-3-3 taktikası ilə oynayır. 4-3-2-1 də uyğundur. Təbii ki, bu rəqəmlərdir. Meydanda isə nəticə göstərmək lazımdır".
Andersson qeyd edib ki, "Neftçi"nin bazası ilə tanış olanda meydançanın vəziyyətini bəyənməyib: "Bu yöndə işlər gedir. Meydançanın yaxşı olması oyuna da müsbət yöndə təsir edir".