
Bu gün “Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Sportnet.az xəbər verir ki, “Neftçi Arena”da keçirilən tədbiri klubun mətbuat xidmətinin rəhbəri Emin Əfəndi açıq elan edib.
Klub rəsmisi bugünkü mətbuat konfransının eksperiment xarakteri daşıdığını bildirib. O deyib ki, bundan sonra hər həftənin 3-cü günləri komandanın bir oyunçusunun mətbuat konfransı keçiriləcək.
Daha sonra söz “Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzova verilib. Rusiyalı futbolçu jurnalistlərin suallarını cavablandırmamışdan öncə ilk növbədə Azərbaycan xalqını təbrik edib: “Son zamanlar mətbuat önünə çıxmamışam. Ona görə də ilk növbədə ərazi bütövlüyünün bərpası münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm”.
30 yaşlı futbolçu noyabrın 18-də yoxlama matçında qarşılaşacaqları “Zenit”ə (Rusiya) qarşı daha əvvəl çox oynadığını bildirib: “Uzun illər Rusiya Premyer Liqasında çıxış etmişəm. Buna görə də “Zenit”ə qarşı dəfələrlə oynamışam. Amma indiki “Zenit” əvvəlki kimi əzəmətli deyil. O vaxt klubun heyətində Halk kimi ulduz çıxış edirdi. Yaxud son zamanlara gəldikdə, Malkonun gedişini qeyd edə bilərəm. Yəni son zamanlar klubda çox dəyişiklik olub”.
O, daha əvvəl “Zenit”ə qol vurduğunu xatırladıb: “Tula “Arsenal”ında çıxış edərkən “Zenit”i 4:2 hesabı ilə məğlub etmişdik və komandamızın qollarından birini mən vurmuşdum. Bu, “Arsenal”ın UEFA Avropa Liqasında “Neftçi” ilə üz-üzə gəldiyi mövsüm idi. Çalışacağam ki, qarşıdakı yoldaşlıq oyununda da “Zenit”ə qol vurum. Matçın rəsmi deyil, yoldaşlıq xarakteri daşıması heç nəyi dəyişmir”.