“Zenit”in baş məşqçisi Sergey Semak “Neftçi” ilə oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, rusiyalı baş məşqçi noyabrın 18-də Bakıda keçiriləcək “Neftçi” ilə yoldaşlıq oyunu, komandasının mövcud durumu, eyni zamanda rəqiblə oxşar və fərqli cəhətlər barədə fikirlərini bölüşüb.
Klubdakı zədəlilərin durumuna aydınlıq gətirən mütəxəssis bildirib ki, oyunçularının bəziləri də öz milli komandalarının düşərgələrinə yollanıblar: “Bu baxımdan qarşıdakı yoldaşlıq görüşünə ikinci heyətlə çıxacağıq. Əsaslardan 5-6 nəfəri səfər oyununa aparacağıq. Mateo Kassierraya gəlincə, onun yüngül zədəsi var və matçda iştirak edə bilməyəcək. Zədəli futbolçuların müalicəsi davam edir. Yeroxinin də yüngül zədəsi var, bu üzdən "Neftçi" ilə oyunda iştirak edə bilməyəcək. Hücumçulara gəlincə, bunu matçda görəcəyik. Bir neçə seçimlərimiz var, İsidore, bəlkə də Mantuan”.
Baş məşqçinin sözlərinə görə, o, bütün oyunçularına güvənir: “Məşq zamanı hər kəs aydın görünür – yoldaşlıq və ya rəsmi matçlarda kimlərin oyuna çıxacağı ilə bağlı qərar vermək olur. Bu gün Alip Robertdən daha üstün görünür. Amma bir daha təkrar edirəm ki, o, klub üçün çox ciddi, aktiv, gənc oyunçudur. Robertin bəzi digər futbolçular kimi daha çox oyun təcrübəsi əldə etmək üçün zamana ehtiyacı var. Futbolçuların nə qədər oynayıb-oynamamasından asılı olmayaraq, yenidən onlara baxacağıq. Bir daha deyirəm ki, hər bir futbolçu bu komandada oynamaq istəməlidir”.
Sergey Semak Azərbaycanla bağlı təəssüratlarından da bəhs edib: “Bakıda olmuşam, şəhəri çox bəyəndim. Zamana gəlincə, ümid edirəm ki, gəzməyə bir az vaxt olacaq. Düşünürəm ki, o, dəyişir, müasir şəhərə çevrilir, çox şeylər tikilir. Maraqlı olacaq. Səyahəti sevən bir insan kimi bugünkü Bakını görmək mənim üçün maraqlı olacaq”.
Qeyd edək ki, “Neftçi Arena”da baş tutacaq oyun 21:00-da start götürəcək.