"Bu komandanı yaxşı əhval-ruhiyyə ilə tərk edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Hekken"in baş məşqçisi Matias Hoqmo "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.
64 yaşlı mütəxəssis klubda çalışdığı dönəmi uğurlu adlandırıb:
"İki mövsüm ərzində İsveç çempionu olduq. Bir çox futbolçunu sataraq, 20 milyon avro gəlir əldə etdik".
Baş məşqçi "Qarabağ"ın sabiq hücumçusu Musa Qurbanlı haqda danışıb:
"Musa Qurbanlı mənim keçmiş klubumda oynayır. Yaxşı təsir bağışlayır. Yeni mövsüm gələn il başlayacaq. Düşünürəm ki, özünü həmin vaxt daha yaxşı göstərəcək. Gələcəyi hələ irəlidədir.
Hoqmo daha sonra İsveçdəki oyunu yad edərək, Ağdam təmsilçisinin futbolçularını tərifləyib:
İlk oyun bərabər səviyyədə keçmişdi. Hətta penaltimiz verilməmişdi. Verilsəydi, hesab başqa cür olardı. "Qarabağ"ın fərdi səviyyədə yaxşı oyunçuları var. Xüsusən hücumda və mərkəzdə təhlükə yaradan futbolçulara malikdirlər. Rəqib üçün həyəcanlı püşkatma olacaq. Görək hansı nəticəni göstərəcəklər".