
"Mançester Siti"nin futbolçusu Cek Qrilişin evi qarət edilib.
Sportnet.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Hadisə dekabrın 27-də Premyer Liqanın 19-cu turunun "Everton" - "Mançester Siti" matçı zamanı (1:3) olub. Qrilişin 10 nəfərə yaxın qohumu bu oyuna baxarkən yuxarı mərtəbədə səs-küy və itlərin hürməsini eşidiblər.
Ailə dərhal polis çağırıb. Girov vəziyyətdən qorxaraq hadisə yerinə helikopterlə gələn polis havadan da axtarış aparıb. Buna baxmayaraq, qarətçilər içəri girməyi və 1 milyon funt-sterlinq dəyərində saat və zinət əşyaları oğurlamağı bacarıblar. Daha sonra onlar qaçıblar.
Ətrafda axtarışların aparıldığı, lakin şübhəlilərin izlərinə rast gəlinmədiyi qeyd edilir.