
"Hər iki komanda qalib gəlmək istəyirdi. Qalib də gələ bilərdik, uduzmaq təhlükəsi də var idi. Hər iki komandaya uğurlar arzu edirəm".
Sportnet.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XXIX turunun "Neftçi" ilə oyunundan (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Qol epizodlarınız çox olsa da, son nöqtəni qoya bilmədiniz. Bu qədər hücumların qolla nəticələnməməsi sizi düşündürür?
- Düşündürsə də, dəyişə bilmərik. Bəzi epizodları əvvəlcədən işləyirik. Oyunçularımızın epizodlardan istifadə edə bilməmələri keyfiyyətə bağlıdır. İtkilərdən danışmağı sevmirəm. "Neftçi"ni məğlub edə bilərdik. Dəyişikliklərlə nəsə etmək mümkün idi. Əfsuslar olsun ki, bəzi oyunçularımız yox idi. Oktavio və Murata oynamırdı. Futbolçularımı təbrik edirəm. Sona kimi yaxşı oynadılar.
- Səbuhi Abdullazadə haqqında nə düşünürsünüz? Qərar verməkdə çətinlik çəkir...
- Səbuhi öz yetirməmizdir. Mən məşqçiliyə başlayanda, onu 15-16 yaşında meydana buraxmışdım. Bəli, tamamilə düz vurğuladınız. Səbuhinin yerində Murata və Oktavio olsaydı, başqa cür qərarlar görərdik. Yerlilərdən danışırıqsa, onlar oyun anlayışı olaraq, yavaş-yavaş addımlayırlar. Səbuhi bu cür epizodları çox yaşamalıdır. Roi Kehatı öz istəyi ilə dəyişdik və Səbuhini önə çəkdik. Səbuhi çox yaxşı futbolçu olacaq.
- "Sumqayıt" avrokuboklara gedə bilməsə, futbol ədalətsizliyini görəcəyik?
- Aşağı-yuxarı digər klublarla eyni gücdəyik. Üzülürəm ki, oyunumuz gedə-gedə heç nə edə bilmədik. Amma yan-yörəmə baxıram ki, cavan uşaqlar qalıb ehtiyatda. Desəm iki xal itirdik... Analiz edib deyə bilərəm. 100 faizlik qol epizodlarımız bir az daha çox idi. Oyunu uda bilərdik. "Neftçi"nin futbolçuları bizim yaratdığımız epizodları vurardı. Öz oyunçularımı aşağılamıram. Sadəcə, kritik qərarlar var ki, "Neftçi" oyunçuları daha dəqiq verə bilərdilər.
- Elçin Məsiyevə yumruq göstərdiniz. Futboldan kənar olsaydı, ona nə edərdiniz? Sizə sarı vərəqə verildi...
- Mənə hansı oyunda sarı vərəqə vermirlər ki? Həmin epizodda Rauf Cabbarov deyir ki, haqlısan, sadəcə baş hakim yalnışlığa yol verdi. Yaxşı ki, özümü cilovlaya bildim.
- Hələ ki, "Sumqayıt"da istədiyiniz keyfiyyətdə oyunçular yoxdur?
- Səbuhi kimi futbolçudan nəsə istəyənə qədər, ona keyfiyyəti aşılamalıyıq. Biz həmin mərhələdəyik. Səbuhi həmin pasları verə bilmədisə, buna səbrlə yanaşırıq. Amma digər komandalarda buna vaxt verməzlər. Elvin Bədəlov, Murad Xaçayev, Səbuhi Abdullazadə yaxşı futbolları ilə sıçrayış ediblər.
- "Neftçi" ilə oyunlarda həmişə emosional olurdunuz, bu dəfə elə olmadı...
- Əsla, sakitçilikdən söhbət gedə bilməz. Meydanda nə baş verirsə-versin, mətbuat konfranslarında hakimlərin üstünə getməyin tərəfdarı deyiləm. Bu, pis təcrübədir. Belədə oyunu daha da qızışdırırıq. Cavan referilərimiz var, yaxşı idarə edirlər. Türkiyə kimi böyük ölkələrdə bunlardan beş-betərini görümüşk. Nə baş verirsə, meydanda baş versin. Hakimlərdən danışmağın, onların üzərinə getməyin tərəfdarı deyiləm.