
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının B qrupunda ilk tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, turnirin son qalibi İtaliya millisi Albaniya yığmasını sınağa çəkib.
Görüşdə hesabı albaniyalılar açıblar. 23-cü saniyədə Nedim Bayrami fərqlənib. İtaliya yığması cəmi 10 dəqiqə sonra tarazlığı bərpa edib. Alessandro Bastoni hava ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb. 16-cı dəqiqədə isə Nikola Barella uzaq məsafədən qüvvətli zərbə ilə İtaliya seçməsini önə keçirib. Bu, qarşılaşmada vurulmuş sonuncu qol olub. Beləliklə, son Avropa çempionu turnirə qələbə ilə başlayıb.
Qeyd edək ki, bu qrupun ilk matçında İspaniya millisi Xorvatiyanı 3 cavabsız qolla üstələyib.
-------------------------------------
Avropa çempionatının qrup mərhələsinin I turunda İspaniya və Xorvatiya yığmaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Berlin Olimpiya stadionunda baş tutan matçda ispaniyalılar 3:0 hesablı qələbəyə sevinib.
"Buğalar"ın heyətində hesabı 29-cu dəqiqədə Alvaro Morata açıb. 3 dəqiqə sonra Fabian Ruiz komandasının üstünlüyünü bir qədər də möhkəmlənidirib. Qarşılaşmada yekun hesabı isə fasilə ərəfəsində fərqlənən Dani Karvahal təyin edib.
Matçın 80-ci dəqiqəsində xorvatlardan Bruno Petkoviç penalti zərbəsindən yararlana bilməyib.
----------------------------------------
Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşü çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, A qrupunun ikinci oyununda isveçrəlilər 3:1 hesabı ilə qələbə qazanıb.
Görüşdə hesabı 14-cü dəqiqədə Murat Yakının baş məşqçisi olduğu yığma açıb. Kvadvo Dua dəqiq oynayıb. Fasilə ərəfəsində Mişel Ebişer macarları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.
66-cı dəqiqədə fərqlənən Barnabaş Varqa hesab arasındakı fərqi azaltsa da, matçın sonuna artırılan dəqiqələrdə adını tabloya yazdıran Brel Embolo İsveçrənin qələbəsində pay sahibi olub.
Qeyd edək ki, bu qrupun ilk oyununda Almaniya Şotlandiya seçməsinə 5:1 hesabı ilə qalib gəlib.
--------------------------------------
Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri keçiriləcək.
Sportnet.az xəbər verir ki, ikinci oyun günündə A və B qrupunun oyunları reallaşacaq.
Günün ilk matçında - A qrupunun oyunları çərçivəsində Macarıstan və İsveçrə futbolçuları münasibətlərinə aydınlıq gətirəcək. Köln şəhərində baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.
B qrupunun ilk görüşü isə paytaxt Berlində gerçəkləşəcək. Saat 20:00-da başlayacaq oyunda İspaniya Xorvatiyanı sınağa çəkəcək.
Günün son oyunu da eyni qrupda baş tutacaq. Saat 23:00 - da start götürəcək matçda İtaliya və Albaniya seçmələri münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, turnirin açılış matçında Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.
Avro-2024
A qrupu, I tur
15 iyun
17:00. Macarıstan - İsveçrə - 1:3
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, “Reyn Enerqi” stadionu.
B qrupu, I tur
20:00. İspaniya - Xorvatiya - 3:0
Baş hakim: Maykl Oliver (İngiltərə).
Berlin, Olimpiya stadionu
B qrupu, I tur
23:00. İtaliya - Albaniya - 2:1
Baş hakim: Feliks Çvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park" stadionu