
“İspaniya bu turnirdə meydana çıxdığı bütün oyunlarda qalib gəldi. Digər komandaların ümumi performansını nəzərdən keçirsək, belə nəticəyə gəlmək olar ki, bu çempionluq məhz ispanların haqqı idi”.
Sportnet.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov İspaniya millisinin 4-cü dəfə Avropa çempionu olması barədə danışarkən deyib.
Avro-2024-ün bütün oyunlarını izlədiyini vurğulayan 56 yaşlı mütəxəssis ispanların titulu qazanmağa layiq olduğunu bildirib: “İngiltərə yığması final oyununda qol vəziyyətlərindən yaxşı istifadə edə bilmədi. Amma turnir ərzində mənim ən çox xoşuma gələn görüş Almaniya və İspaniya arasında keçirilmiş 1/4 final qarşılaşması oldu. Fikrimcə, həmin oyun finala daha çox yaraşırdı”.
Vaxtilə İspaniyada oynamış veteran hücumçunun sözlərinə görə, Avro-2024-də komandaların bir çoxu stabillik göstərə bilməyib: “Ümumilikdə almanların oyun üslubu daha ürəkaçan idi. İngiltərə isə təəssüf ki, öz sözünü deyə bilmədi. Amma açıq-aşkar görünürdü ki, İspaniya turnirdə hər baxımdan bütün yığmalardan üstün idi. Qardaş ölkə Türkiyəyə gəlincə, oyundan-oyuna daha da artırırdılar. Sonuncu - Niderlanda qarşı keçirdikləri 1/4 final matçında uduzanda belə, özlərini yaxşı tərəfdən göstərməyi bacardılar, sona kimi mübarizə apardılar. Bir daha şahidi olduq ki, futbol günü-gündən inkişaf edir. Komandalar perspektivli oyunçular yetişdirirlər. İndiki futbolçular daha cəld oynayırlar. İspaniya seçməsini digər komandalardan fərqləndirən məqam o oldu ki, 90 dəqiqədə stabilliklərini qoruyub saxlaya bildilər”.
V.Qasımov turnirdə çıxışını ən çox bəyəndiyi futbolçunun adını da açıqlayıb: “İspaniyalı gənc ulduz Lamin Yamal öz performansı ilə Avro-2024-də iz qoydu. Yaşına görə komandası üçün möhtəşəm işlər gördü. Özündən qat-qat təcrübəli futbolçulara qarşı təqdirəlayiq oyun nümayiş etdirdi. Yaşının az olması heç də meydanda hiss olunmurdu. Onun komanda yoldaşı Rodri də yaxşı çıxışı ilə yadda qaldı”.
Qeyd edək ki, İspaniya millisi finalda İngiltərə yığmasına 2:1 hesabı ilə qalib gəlib.