
Azərbaycanda gimnastika populyarlığı ilə seçilən, uşaq və gənclərin sevdiyi idman növlərindən biridir.
Gimnastika uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsində xüsusi rola malikdir. Bu növün kütləvi xarakter alması bunu bir daha sübut edir.
İdman gimnastikadan başlayır. Yəni, insanın fiziki sağlamlığının əsasında məhz gimnastik hərəkətlər durur. Gimnastika bədənə çeviklik, güc, qədd-qamət, gözəllik verir, insanda igidlik və nəciblik hissləri aşılayır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2002-ci il oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilməsindən sonra bu sahədə uğurlu inkişafın əsası qoyulub.
Gimnastika idmanı sahəsində, həyata keçirilən məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində beynəlxalq əlaqələr qurulub, respublikada gimnastika üzrə yüksək nailiyyətlər əldə olunub, AGF dünyada ən fəal quruma çevrilib. Həmin dövrdən sürətli inkişaf yoluna qədəm qoymuş AGF-nin fəaliyyətinə hazırda 9 gimnastika növü daxildir.
Azərbaycan milli gimnastika məktəbinin yetirmələrinin olimpiadalarda iştirakı, dünya və Avropa çempionatlarında medalların qazanılması, ölkədə ən nüfuzlu qitə və dünya miqyaslı gimnastika yarışlarının yüksək səviyyədə təşkili federasiya rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Bu gün paytaxtla yanaşı, respublikanın bölgələrində də gimnastika təbliğ və inkişaf etdirilir. Hazırda 26 rayon və şəhərdə gimnastika bölməsi fəaliyyət göstərir.
AGF ardıcıl 6 il Beynəlxalq Gimnastika Federasiyasının (FIG) mükafatlandırdığı 10 milli federasiyanın reytinq siyahısında yer alıb və son illərdə bu siyahıya liderlik edib.
AGF prezidenti Mehriban Əliyevanın rəhbərliyi, gimnastikaya göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan dünyanın gimnastika mərkəzinə çevrilib.
2002-ci ildən indiyə qədər Azərbaycan gimnastikası çox böyük inkişaf yolu keçib. Hər il Azərbaycan böyük beynəlxalq tədbirlərə, o cümlədən Avropa çempionatlarına, dünya kuboklarına ev sahibliyi edir. Bütün bu işlərin nəticəsidir ki, AGF dünyada birinciliyə layiq görülüb.
Bu gün Azərbaycanda gimnastikanın inkişafı üçün hər cür şərait yaradılıb: Milli Gimnastika Arenası demək olar ki, dünyada ən yaxşı arenadır. Bütün dünyadan gimnastlar bura nəinki yarışlara, eyni zamanda təlim-məşq toplanışlarına gəlirlər. Yəni, şərait o qədər yüksək səviyyədədir ki, gimnastlar ölkəmizə gəlməyə üstünlük verirlər. Dünya kubokları, çempionatları zamanı buraya gələn federasiyaların sədrləri, onların müavinləri, baş məşqçilər hamısı bildirir ki, yarışların bu qədər yüksək səviyyədə keçirilməsi üçün dünyada Azərbaycan qədər şərait yaradan ölkə yoxdur.
2016-cı ildə Mehriban xanım Əliyevanın Avropada idmanın inkişafı və Olimpiya hərəkatına verdiyi töhfəyə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan “Ali Ordeni” ilə təltif olunması AGF prezidentinin beynəlxalq miqyasda fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi idi.
2017-ci ildə isə o, Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-in yüksək mükafatı ilə təltif edilib.
Həmin il Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan gimnastları bədii gimnastika, kişi və qadın idman gimnastikası üzrə yarışlarda ümumilikdə 20 medal (9 qızıl, 7 gümüş və 4 bürünc) qazanıblar. Bu, gimnastlarımızın bir turnirdə əldə etdikləri medal sayına görə rekord göstəricidir.
Bütün bu uğurlar onu göstərir ki, Mehriban xanım Əliyevanın ötən 20 il ərzində federasiyaya rəhbərliyi, genişmiqyaslı fəaliyyəti ölkədə gimnastikanın dinamik inkişafı, idmanın bu növünün kütləviliyinin artırılması, bölgələrdə ən müasir idman mərkəzlərinin yaradılması, uğurlu beynəlxalq fəaliyyət və ən əsası, parlaq nailiyyətlərlə müşahidə olunur.
Bu uğurlar qarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə olunmasına güclü inam yaradır.
Fərid ŞƏRİFOV