
UFC-nin Şöhrət Zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bisping 21 iyun tarixində Bakı Kristal Zalında keçirilən “UFC Döyüş Gecəsi" turnirinin rəsmi şərhçisi olub.
Sportnet.az xəbər verir ki, Bakıya səfəri çərçivəsində Maykl Bisping şəxsi yutub kanalında vlog da çəkib və şəhər barədə təəssüratlarını bölüşüb.
UFC əfsanəsi xüsusilə Azərbaycan mətbəxinə heyran qaldığını bildirib, kabab və düşbərəni xüsusi qeyd edib. O, həmçinin Bakı küçələrinin təmizliyini və insanların mehribanlığını vurğulayıb.
Bisping səhər qaçışı zamanı vlog çəkərək izləyicilərinə paytaxtın mərkəzini, o cümlədən “İçərişəhər”i nümayiş etdirib.
“Ola bilsin ki, bir gün Bakıya səyahət etmək şansınız olacaq – mütləq tövsiyə edirəm. Sadəcə inanılmaz bir yerdir, möhtəşəm memarlığı var. Burada Formula 1 Qran-Prisi keçirilir, artıq UFC də. Azərbaycanda idmana böyük sevgi var”, – deyə Bisping bildirib.