ABU həndbol klubunun baş məşqçisi Rəfiqə Şabanovanın Sportnet.az-a müsahibəsi
- Belçikanın "Femine Vize" klubuna ikinci oyunda qalib gələrək 1/8 finala vəsiqə qazandınız. Təəssüratlarınız necədir?
- Bildiyiniz kimi, ilk matçda da qalib gəlmişdik. Dünənki oyunda xoş təsir bağışladıq. Amma bugünkü matç çox bərbad oldu. Oyunu bəyənmədim.
- Rəqib məşqçi deyib ki, heyətlərində təcrübəli həndbolçular yoxdur...
- O, yalan deyir. Rəqibin heyətindəki həndbolçular 5 ildən bəri birgə oynayırlar. Qızlara tapşırdım ki, dünənki oyunu unudub meydana çıxın. Buna baxmayaraq, yenə meydana rahat çıxmışdılar.
- Növbəti mərhələdə şanslarınızı necə dəyərləndirirsiniz?
- Hələ bilmirik ki, hansı rəqib bizə düşəcək. Buna görə də heç nə deyə bilmərəm. Bizim komandanın oyunçularının çoxu zədədən yenicə dönüb. Hələ də zədəsi tam sağalmayan oyunçular var. Təcrübə yığmaq üçün gərək həndbol çempionatı keçirilsin. Təəssüflər olsun ki, bizdə bu keçirilmir.
Gürcüstanda da çempionat keçirilir. Lakin biz Rusiyadakı həndbol çempionatında çıxış etmək istəyirdik. Təəssüflər olsun ki, gedib-gəlmək vaxt aldığı üçün alınmadı.
- Türkiyə çempionatında da iştirak edə bilərdiniz...
- (gülür) Bu sualı mənə verməyin.
- Həndbol Federasiyasında prezident seçkiləri gözlənilirmi?
- Bilmirəm. Bu, təxribat xarakterli sual oldu.
- Azarkeşlər oyunda necə təsir bağışladılar?
- Normal idilər. Amma dünən azarkeş sayı bir az çox idi.
- 2017-ci il İslam Həmrəylik Oyunlarına həndbol da salınıb. Güclü milli komanda formalaşdırmaq üçün hansı işlər gedir?
- Hələ ki iki güclü komanda var: Əlcəzair və Fil Dişi Sahili yığmaları. Türkiyə millisi də iştirak edəcək. Rəqiblərimizi hələ tam bilmirik.
Seymur KƏRİMLİ