Bu gün İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Sportnet.az xəbər verir ki, təntənəli tədbir Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
17 gün davam edəcək Oyunlar Kortina-d'Ampetso, Predatso və Livinyo məkanlarında da təşkil olunacaq.
Açılış mərasimi haqqında nə məlumdur?
Açılış mərasimində 1300-dən çox artist iştirak edəcək. Şou zamanı İtaliya mədəniyyəti və tarixi nümayiş olunacaq. Ayrıca, yaxın vaxtlarda vəfat etmiş əfsanəvi modelyer Corco Armaninin xatirəsi yad ediləcək.
Səhnədə həmçinin Cakomo Puççini, Cüzeppe Verdi və Coakkino Rossini kimi böyük italyan bəstəkarlarının musiqiləri səsləndiriləcək.
Artıq 100 ildən çoxdur fəaliyyət göstərən stadionda mərasimi 60 min tamaşaçının izləməsi planlaşdırılır.
Açılış mərasimində kimlər çıxış edəcək
Məlumata görə, tədbirdə müğənnilər Merayya Keri və Laura Pauzini, repçi Qali, pianoçu-virtuoz Lan Lana, aktyorlar Pierfrançesko Favino, Sabrina İmpaççatore və Matilda de Ancelis çıxış edəcək. Tədbirin hedlayneri opera müğənnisi Andrea Boçelli olacaq. O, 20 il əvvəl Turin-2006 Qış Olimpiya Oyunlarının açılışında da çıxış etmişdi.
VIP qonaqlar
Siyasi xadimlər və kral ailələrinin üzvlərindən ibarət VIP qonaqların siyahısı açılış mərasiminə qədər məxfi saxlanılacaq.
Rusiya idmançıları parad mərasimində iştirak edəcəkmi?
13 rusiyalı idmançı Olimpiya Oyunlarında neytral statusda çıxış edəcək və Beynəlxalq Olimpiya Komitəsinin (IOC) qərarına əsasən açılış mərasimində idmançıların paradında iştirak etməyəcək.
Azərbaycanı kimlər təmsil edəcək
Azərbaycanı dağ xizəyində Anastasiya Papatoma, fiqurlu konkisürmədə Vladimir Litvintsev təmsil edəcəklər. Fiqurlu konkisürmədə mübarizəyə bu gün start veriləcək, dağ xizəyi yarışları isə fevralın 7-də başlayacaq. Gender bərabərliyinə əsasən açılış və bağlanış mərasimində Azərbaycan bayrağını hər iki idmançı daşıyacaq.










































































