Avro-2016-nın seçmə mərhələsində keçiriləcək Norveç - Azərbaycan oyunu öncəsi millimizin baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransı keçirilib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis müsbət nəticəyə ümid etdiyini bildirib.
O deyib: "Azərbaycan kuboku uğrunda yarışın final oyunu ilə əlaqədar "Neftçi" və "Qarabağ" klublarının oyunçuları bizə bir qədər gec qoşuldu və bildiyiniz kimi, komanda 8 gündür tam heyətlə hazırlaşır. Hazırlıqdan razıyam. Rəqibə hörmətlə yanaşırıq. Komandadakı əhval-ruhiyyəni nəzərə alaraq, müsbət nəticəyə ümid edirəm və bunun üçün mübarizə aparacağıq. Norveç yığması atletik baxımdan güclüdür. Lakin biz konsentrasiyamızı itirməsək, səhvə yol verməyəcəyik".
Qeyd edək ki, Oslonun "Ullevaal" stadionunda keçiriləcək Norveç-Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.