"Norveçlə oyunda millimizdən yaxşı oyun gözləyirəm. Yaxşı oyun olsa, nəticə də olar. Ancaq daha Serbiya ilə görüş kimi olmaya. O oyunda böyük səhvlər vardı". Bu sözləri Sportnet.az-a açıqlamasında Azərbaycanın təcrübəli mütəxəssislərindən olan Ağasəlim Mircavadov deyib.
O, Avro-2016-nın seçmə mərhələsində bu axşam Norveç millisi ilə qarşılaşacaq Azərbaycan yığmasından yaxşı nəticə gözlədiyini bildirib: "Ümidliyik, yığmamızdan yaxşı oyun gözləyirik. Bu sözü həmişə deyirəm, yığmamızın oyunu olmalıdır, cavab oyunçular oynamalıdır və inkişaf etməliyik. İndiki halda dünya futbolçunda olan inkişafı klublarımız və yığmalarımızda təşkil etməliyik.
Heyətimizdə gəncləşdirmə siyasəti gedir. Cavan oyunçular çoxdu və istəklidirlər. Bu isə çox yaxşı haldır. Ancaq təcrübəli oyunçuların belə oyunlarda rolu böyük olmalıdır. Onlar cavan futbolçulara da kömək etməlidir. Bu axşam keçiriləcək oyundan isə yaxşı nəticə gözləyirik".
Qeyd edək ki, Oslonun "Ullevaal" stadionunda keçiriləcək Norveç-Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.