
"Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidovun Sportnet.az-a müsahibəsi
- Ötən gün keçirilmiş klubdaxili iclas barədə məlumat verərdiniz…
- İclas klubumuzun prezidenti Hafiz Məmmədovun rəhbərliyi altında keçirildi. Toplantıda "Baghlan Group” və klubumuzun rəhbərliyində təmsil olunan digər şəxslər də iştirak edirdilər. Baş məşqçimiz Milinko Pantiçlə telefon əlaqəsi yaratdıq və onunla da bəzi məsələləri müzakirə etdik.
- Son zamanlar "Bakı”nın gələcək taleyi ilə bağlı müxtəlif şayiələr dolaşır. Bununla bağlı klub prezidentinin mövqeyi necə oldu?
- Hafiz müəllim komandanın gələcək taleyinə aydınlıq gətirərək, bildirdi ki, müqaviləsi olan bütün futbolçular qalacaqlar. Başqa komandalara keçmək istəyənlər isə həmin klubların "Bakı” ilə razılığı əsasında və komandamıza kompensasiya ödəmələri şərti ilə gedə biləcəklər. Hər iki halda baş məşqimiz Milinko Pantiçin istəyi əsas götürüləcək. Ona görə də heç bir futbolçunun müqavilə şərtlərinə zidd addımlar atılmayacaq. Eyni zamanda, Pantiç 2009-cu ildən akademiyamızda yetişən futbolçularla böyük seleksiya işi aparıb. İndi də o, 4 gənc futbolçunu təlim-məşq toplantısında görmək istəyir. Bunlar 1995 – 1997-ci il təvəllüdlüdürlər. Həmin futbolçular üzərində uzun müddət işlənilib. Baş məşqçimiz gələcəkdə həm "Bakı” komandasına, həm də ölkə futboluna xeyir verə biləcək oyunçuları müəyyənləşdirib. Ona görə də klubumuz həm müqaviləsi olan, həm də akademiyamızdakı futbolçuların növbəti çempionatda iştirak etmələri üçün təlim-məşq toplantısına başlayacaq. İnanırıq ki, "Bakı” klubunun apardığı gəncləşdirmə siyasəti yaxın illərdə öz bəhrəsini verəcək. Bunun xeyrini həm klubumuz, həm də futbolumuz görəcək.
- Bəs Pantiç komandanın növbəti mövsümə hazırlıq planını müəyyənləşdirib?
- O, artıq müəyyən tapşırıqlarını verib. İyunun 25-də futbolçular həkim müayinəsindən keçəcəklər. Hazırlığa gec başlamağımız növbəti mövsümdə çempionatın bir həftə gec – avqustun 8-də başlayacağı ilə əlaqədardır. Məşqçi David Ulloa təlim-məşq toplantısının başlanacağı günü sabah təyin edəcək. Komandamız hazırlığın ilk mərhələsini Pantiç gələnədək keçirəcək. Baş məşqçimiz Bakıya gələndən sonra komandanın xaricdəki təlim-məşq toplantısını harada keçirəcəyini və vaxtını açıqlayacaq. Bir sözlə, düşünürəm ki, "Bakı” işini əvvəlki şöhrətinə, iddiasına uyğun və yüksək səviyyədə quracaq.
- Hansı futbolçularınızla bağlı klubunuza rəsmi təklif gəlib?
- "Bakı”ya heç bir klubdan rəsmi təklif gəlməyib. Mən də çox xahiş edirəm ki, hansı klub futbolçumuzu öz heyətində görməkdə israrlıdırsa, bizə müraciət etsin. Yoxsa futbolçumuzla üstüörtülü şəkildə danışıqlar aparmasınlar. Bəzi menecerlər qeyri-qanuni hərəkətlərə yol vermək istəyirlər. Şəxsən mən həmin klubların rəhbərlərinə zəng etmişəm. Onlara ciddi xəbərdarlıq etmişəm ki, "Bakı”nın razılığı olmadan hər hansı futbolçu ilə həmin klublar hər hansı danışıq apararlarsa, AFFA-ya şikayət edəcəyik. "Bakı” bütün futbolçuların statusu və transferinə hörmətlə yanaşır. Belə məsələlər qanun çərçivəsində həll olunmalıdır.
- Söhbət hansı futbolçularınızdan gedir?
- "Bakı”nın akademiyasında yetişmiş gənc futbolçulardan. Hansı ki, Pantiç onları əsas heyətdə görmək istəyir.
- Bəs Rauf Əliyev və digər aparıcı yerli futbolçularınızla bağlı klubunuza hər hansı təklif gəlməyib?
- Heç bir təklif gəlməyib. Əliyev və digər yerli futbolçuların "Bakı” ilə müqavilələri var. Klubumuzda yaranmış problemlər qısa zamanda həll olunacaq. Rauf Əliyev, Əfran İsmayılov, Cavid Hüseynov millimizin oyunçularıdırlar. Onlara hörmət olunmalıdır. "Bakı”dan getmək istəsələr, məsələ qarşılıqlı razılıq əsasında həllini tapacaq. Müqavilə şərtlərinə uyğun olaraq, qalmaq istəsələr, komandamız onlarındır. Futbolçu hər hansı klubda çıxış etmək istəyirsə, ona heç bir qadağa yoxdur. Bu, dünyanın qayda-qanunudur. Rauf, Əfran və Cavidin klubumuz qarşısında xidmətləri var. Həmin xidmətləri rəhbərlik olaraq, qiymətləndiririk. Onların yaxşı futbolçu olduqları qənaətindəyik.
- Klubunuzda 4 aydan çoxdur maaş verilmir. Bu məsələ nə zaman həllini tapacaq?
- 4 ay deyil. Amma bir balaca çətinliklər var. Belə problemlərə təkcə "Bakı”da yox, dünyanın hər yerində rast gəlinir. Təlim-məşq toplantısı başlayanadək bütün maddi sıxıntılar aradan qaldırılacaq. Hafiz müəllim dünən bunu da qeyd etdi. "Bakı” çempionatdakı iddiasını əvvəlki qaydada ortaya qoyacaq.
- Bəzi futbolçularınızın klubla müqavilələrinin olduğunu dediniz. Amma qaydalara əsasən, onlara 3 aydan artıq əmək haqları ödənməsə, anlaşmalarını birtərəfli qaydada poza bilərlər...
- Bir daha qeyd edirəm: Yaranmış bütün problemlər təlim-məşq toplantımız başlayanadək həllini tapacaq.
- Bəs Aleksandr Tomovski və Ruslan Leviqaya borcunuz nə zaman ödəniləcək?
- FİFA onların əmək haqlarının ödənilməsi üçün klubumuza bir ay vaxt verib. Onların borclarını ödəyərək, ali futbol qurumunu bu barədə məlumatlandıracağıq. Futbolçu da bu barədə sənədi FİFA-nın müvafiq komitələrinə təqdim edəcək. Nəticədə iddia geri götürüləcək və klubumuza qarşı sanksiya aradan qaldırılacaq. Bu istiqamətdə müəyyən işlər görülməkdədir.
- Hafiz Məmmədov bu məsələyə necə reaksiya göstərdi?
- Onun reaksiyası belə oldu ki, FİFA-nın çıxardığı qərara hörmət olunmalı və qərar yerinə yetirilməlidir.