
"Qəbələ”nin "İnter"lə yoxlama oyunundakı yeganə qolunun müəllifi Aleksey Antonov matçla bağlı fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, yeni transfer "gabalafc.az"a açıqlamasında ilk oyunun onda yaxşı təəssürat yaratdığını bildirib.
Ukraynalı hücumçu deyib: "Daha yaxşı oynamaq olar. Oyun planında daha da təkmilləşmək mümkündür. Heç bir problem nəzərə çarpmır. Yeni komandama uyğunlaşmağım da qaydasındadır. Düşünürəm ki, bununla bağlı çətinlik olmayacaq. "Qəbələ” ilə 2 gün məşq etmişəm, 3-cü gündür burdayam. Hər şey yaxşı olacaq. Sadəcə, zaman lazımdır”.
Antonov Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ”nin rəqibi olan Gürcüstanın "Dinamo” (Tiflis) komandası ilə 1 il əvvəl də qarşılaşıb. O, Qazaxıstan "Aktobe”sinin heyətində Çempionlar Liqasında üz-üzə gəldiyi rəqib haqda da fikirlərini bildirib: "Bu matçlar Çempionlar Liqasının təsnifat mərhələsinə təsadüf etmişdi. Düzdür, hər iki görüşdə qalib gəlmişdik, amma "Dinamo” yaxşı komandadır. Gürcüstan təmsilçisi adı və ənənəsi olan ciddi klubdur. Bildiyimə görə, bir il əvvəlki ilə müqayisədə heyətinin təxminən yarısı dəyişib. "Aktobe”nin "Dinamo”nu hansı keyfiyyətlərin sayəsində üstələdiyi haqda danışmaq yersizdir. Bu, bir il əvvəl olub. Hər şey dəyişib. "Aktobe” ayrı komandadır, "Qəbələ” ayrı komanda. Biz öz oyunumuza görə cavabdehik, öz oyunumuza görə danışmalıyıq. Bunu necə bacaracağımızı isə zaman göstərəcək. Heç vaxt qabaqcadan danışmıram”.
Qeyd edək ki, "Dinamo" ilə ilk görüş iyulun 2-də Tiflisdə, cavab qarşılaşması bundan bir həftə sonra Qəbələdə olacaq.