
"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı boks yarışında təmsil edən Elvin Məmişzadə finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, 52 kq çəki dərəcəsindəki yarımfinal görüşündə 23 yaşlı idmançı almaniyalı Hamza Tubanı məğlub edib - 2:1.
Həlledici görüşdə onun rəqibi Vilyam Tanko (Slovakiya) - Vinçenzo Pikardi (İtaliya) cütünün qalibi olacaq.
Qeyd edək ki, daha öncə Teymur Məmmədov (81 kq) da finala yüksəlib.
Əvəzində qadınlar arasında 54 kq çəkidə vuruşan Anna Əlimərdanova bürünc medalla kifayətlənib. O, yarımfinalda rusiyalı Yelena Savelyevaya uduzub - 0:3. Nəticədə finala yüksələ bilməyən A.Əlimərdanova üçüncülüklə kifayətlənməli olub.
XXX
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında boks yarışında 5 çəki dərəcəsi üzrə ilk finalçılar və eyni sayda qalib müəyyənləşəcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycanı təmsil edən Teymur Məmmədov qızıl medal uğrunda həlledici döyüşə çıxacaq.
O, 81 kq çəkidə italiyalı Valentino Manfredonia ilə üz-üzə gələcək. Final görüşü saat 19:45-də baş tutacaq.
Yarımfinalda isə Azərbaycanın 3 boksçusu mübarizə aparacaq.
52 kq çəkidə Elvin Məmişzadə almaniyalı Hamza Tuba ilə rinqə çıxacaq. Döyüş saat 13:30-da başlayacaq. Kollazo Sotomayor finala gedən yolda ukraynalı Viktor Petrovun müqavimətini qırmağa çalışacaq. 64 kq çəki dərəcəsində mübarizə aparan rəqiblər saat 14:45-də qarşılaşacaqlar.
Kişilər arasında 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmmədrəsul Məcidov isə rinqə çıxa bilməyəcək. Səbəb təcrübəli dəri əlcək ustasının zədələnməsidir. Əvvəlki çıxışı zamanı qaşı partlayan Azərbaycan təmsilçisinin yarımfinala çıxması məqsədəuyğun sayılmayıb.
Digər Azərbaycan boksçusu Anna Əlimərdanova da yarımfinal görüşünə çıxacaq. Qadınların yarışında o, 54 kq çəkidə rusiyalı Yelena Savelyeva ilə döyüşəcək. Görüş saat 12:30-da başlayacaq.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında boks yarışlarına iyunun 27-də yekun vurulacaq.