
İyulun 3-də Avropa Liqasının I təsnifat mərhələsinin
ilk oyununda Azərbaycanın "Qəbələ” klubu ilə qarşılaşacaq Bosniya və
Herseqovinanın "Şiroki Briyeq” klubunun baş məşqçisi Slaven Musa Vətənində mətbuat
konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, mütəxəssis yalnız ümumi nəticə haqda düşündüyünü bildirib.
Musa ilk qolun Bosniya və Herseqovinada vurulmasının istədiyini qeyd edib. O, Qəbələdəki oyuna hazır olmayacaqları halda, çox şey itirəcəklərini
deyib: "Əlbəttə, optimal variant kimi səfərdən qapımızın toxunulmazlığını
qoruyaraq, qayıtmaq bizə üstünlük verər”.
Musa "Qəbələ”ni mümkün rəqiblər arasından püşkün ən
uğursuz variantı kimi qiymətləndirib: "Uzaq səyahət bir tərəfə, bu komandanın oyun
keyfiyyətləri də digər potensial rəqiblərimizdən üstündür. Ancaq biz Azərbaycan
klubunu yaxşıca təhlil etmişik. "Qəbələ”nin "Neftçi” ilə Azərbaycan Kubokunun
final qarşılaşmasını izləmişəm. Azərbaycan çempionatının son turunda "Sumqayıt”a
qarşı görüşünə də baxmışam. "Qəbələ”nin təlim-məşq toplanışı çərçivəsində "Maribor”la
görüşünü də təhlil etmişəm”.
"Şiroki Briyeq”in baş məşqçisi təmsilçimizin heyətində dəyişikliklərdən də xəbərdar olduğunu bildirib: "Qəbələ”nin 5-6 aparıcı üzvü komandadan ayrılıb, yeni baş məşqçi Muntyanu təyin edilib. İndi kollektivin liderləri Mendi, Dodo və Hacıyevdir”.