
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri davam edir. Sportnet.az-ın məlumatına görə, turnirdə hər üç güləş növü üzrə Azərbaycan yığma komandaları mübarizə aparır.
İkinci yarış günündə sərbəst və yunan-Roma güləşi üzrə qrup görüşləri keçirilib. Sərbəst güləşçilərimiz Belarus və Polşa ilə, yunan-Roma güləşçilərimiz isə Türkiyə və Belarusla B qrupunda mübarizə aparıb.
Yunan-Roma güləşçilərimiz əvvəlcə belaruslu rəqiblərini, ardınca türkiyəliləri 5:3 hesabı ilə məğlub edib və qrup lideri kimi finala yüksəlib. Finalda rəqib digər qrupun birincisi olmuş Rusiya komandası olacaq.
Sərbəst güləşçilərimiz ilk olaraq Belarus komandası ilə qarşılaşıb. Görüş yığmamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb. 125 kq çəkidə güləşçilər arasında mübahisə yarandığından bu görüşün nəticəsi ləğv edilib və hər iki güləşçi diskvalifikasiya edilib. Ardınca Polşa idmançıları ilə qarşılaşan yığmamızın üzvləri 5:3 hesablı qələbə ilə finala vəsiqə əldə edib. Həlledici görüşdə rəqib Rusiya yığması olacaq.
Final görüşləri 8 noyabr, saat 17:00-da başlayacaq.
Yunan-Roma güləşi
I dövrə Azərbaycan - Belarus - 5:3
II dövrə Azərbaycan - Türkiyə - 5:3
Sərbəst güləş
I dövrə Azərbaycan - Belarus - 6:1
57 kq. Mahir Əmiraslanov - Əsədulla Laçinov - 13:2
61 kq. Əhmədnəbi Qvarzatilov - Andrey Komar - 10:0
65 kq. Məhəmməd Müslümov - Viktor Sereda - 10:0
70 kq. Hacımurad Ömərov - Azamat Nurikov - 8:0
74 kq. Murad Süleymanov - Rəsul Tikayev - 13:2
86 kq. Hacımurad Məhəmmədsəidov - Aleksandr Quştin - 4:5
97 kq. Aslanbek Alborov - Ömərhacı Məhəmmədov - 5:4
125 kq. Ali Maqomedabirov - İvan Yankovski - 4:3 (hər iki güləşçi diskvalifikasiya edilib)
II dövrə Azərbaycan - Polşa - 5:3
Qeyd edək ki, sərbəst güləş yığmamız məşqçilər David Kurtsiya və Arif Abdullayevin rəhbərliyi altında çıxış edir. Yığmanın heyətində Mahir Əmiraslanov, Ruslan Qasımov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Aslanbek Alborov (97 kq) və Ali Maqomedabirov (125 kq) yer alıb. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparan yunan-Roma güləşi yığmasının heyətində Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Şəhriyar Məmmədov (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) mübarizə aparır. Yarışlar Lujniki Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında keçirilir.