Azərbaycan I Divizionunda çıxış edən MOİK futbol komandasında baş məşqçi dəyişikliyi baş verib. Sportnet.az-ın məlumatına görə, uğursuz nəticələrlə əlaqədar Şamil Adilov istefaya göndərilib.
Ş.Adilovu bu postda Müşviq Qənbərov əvəzləyib. Bu yay "Rəvan"dan ayrılan gənc mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Başqa sözlə, Qənbərov 2018-ci ilin iyununa qədər "hərbçilər"ə rəhbərlik edəcək.
Qeyd edək ki, Müşviq Qənbərov futbolçu karyerası ərzində "Bakı fəhləsi", "Kəpəz", "Qarabağ" kimi komandaların formasını geyinib, İranda legioner həyatı yaşayıb. Onun son iş yeri isə "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi olub. Bu gün AFFA İntizam Komitəsinin qərarı ilə gənc mütəxəssis 5 oyunluq cəzalandırılıb. Buna M.Qənbərovun U-16 Liqasında "Neftçi" ilə görüşdən sonra hakimlər briqadasını təhqir etməsi səbəb olub.