"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Gürcüstan "Çixura"sı ilə Avropa Liqasının III təsnifat mərhələsindəki ilk oyunu dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, Hacıyev matçdan sonra mətbuat konfransında rəqibin qapalı oyun sərgilədiyini bildirib.
O deyib ki, "Çixura" məhz bu taktika sayəsində əvvəlki mərhələdə Türkiyə "Bursaspor"unu üstələyə bilib: "İstərdik ki, qələbə qazanaq. Hər halda avqustun 7-dək gözləməli olacağıq".
- Xalq komandasının Nfor, Kaue, Vobay kimi vecsiz legionerlərin ümidinə qalması kimin günahıdır?
- "Koper"lə oyunda Vobay yaxşı oynadı. Amma bu gün mən Nforun işindən narazıyam. Hücumçunun işi qol vurmaqdır. Yəqin ki, bu yaxın günlərdə bir dənə hücumçunun şahidi olacaqsınız. Artıq söhbətlər gedir. Kaue isə universal futbolçudur. Bir çox mövqedə oynayır. Belələri hər vaxt ələ düşmür. Bunun günahı məndədir, ya klubda, bunun dəxli yoxdur. Platyenin d icarə müddəti bitir və bu günə, sabaha qayıtmalıdır. Mən transfer siyasətinə qarışmıram.
- Komanda qapalı oynamağı sevir. Bu səbəbdən Şenol Güneşden hər hansı bir fikir almışdınız?
- Xeyr, biz cavab oyununu gözləməliyik. Onları bir az meydanda irəli çıxartmaq lazımdır. Gürcüstanda tamam başqa bir taktika ilə oynayacağıq.
- Hansı dəyişiklik olacaq?
- Biz 3-6-1 taktikası ilə oynayırıq. İki insayd hər dəqiqə hücuma dəstək verməlidir. Təəssüf ki, Vobay topu çox saxlayır, Flavinyo çox geri çəkilir. Pis taktika yoxdur, pis icraçıları var. Bu sahə bir az ağırdır. Bir taktikanı komandada yerinə oturtmaq üçün zaman lazımdır. Mən taktikanı yox, sxemi dəyişirəm.
- Oyundan əvvəl rəqib komandanın baş məşqçisi heç-heçəyə gəldiklərini bildirmişdi...
- Həyatda insanlar var ki, bir gün sevinir. Bir həftənin tamamında hər şeyə aydınlıq gələcək. "Koper" güclü komanda idi, ya "Çixura"?
- Rəqib hər oyuna görə fərqlənir. "Çixura" daha güclüdür və qapalı futbol oynayır...
- "Koper" də belədir. Evdə futbol oynamaq səfərdən daha çətindir. Gürcüstanda Qafqazın bir bölgəsidir və onların da qaynayan qanı var. Orada oynamaq daha rahatdır.
- Qeyd etdiniz ki, "Çixura" müdafiə fikri oynadı. Amma oyunun ən yaxşısı Karlos Kardozo idi. Bu necə olur?
- Bir şeyi unutmayın ki, "Çixura"nın bir taktikası var. 9 nömrəyə top gəlir, o da diaqnal şəkildə 10 nömrəyə atırdı. Ona görə Kardozonun işi daha çox gözə çarpdı.
- Bugünkü oyunda taktikadan çox futbolçuların fərdi ustalığı öz sözünü dedi...
- Əgər komanda qapalı oynayırsa, o zaman fərdi ustalıq olmalıdır. Fərdi oyun var idi, ancaq komanda oyunu gedirdi. Rəqib boş zona vermirdi. Axtardılar, amma boş zona tapa bilmədilər.
- Araz Abdullayevin oynadığı futboldan razısınız?
- Futbolçu robot olsa, proqramını yazıb vurardıq. Mən hər bir futbolçuya psixoloji cəhətdən yanaşıram. Əgər siz deyən kim olsa, mənə 50-60 futbolçu lazımdır ki, birinə nəsə olanda onu tez dəyişim. Araz Azərbaycanda ən yaxşı futbolçulardandır.
- Dediniz Melvin gəlir, o sizə kömək edəcək?
- Mən bu yaşımda o səhvi etmərəm və bu sözü demərəm. Əgər "Çixura" səddini aşa bilsəm, ola bilər ki, biz Kanalesi gətirəm.
- Səfər oyununa neçə fazi inanırsınız ki qələbə qazanacaqsınız?
- 100 faiz desəm yalan olar.. 170 faiz deyərdim, çünki komandama bələdəm.
- Şenol Güneş Bakıya niyə gəlib? Deyilir 3-4 futbolçu üçün gəlib..
- Onu bilmirəm, Güneş qardaşımızdır. Ola bilər ki, "Neftçi"yə baş məşqçi gəlsin (gülür).
Qeyd edək ki, "Neftçi" - "Çixura" matçı qolsuz tamamlanıb - 0:0.