
Tulanın "Arsenal” klubunun futbolçusu Artur Maloyan
Ermənistan millisindən imtinasının səbəbini açıqlayıb. Sportnet.az-ın məlumatına
görə, futbolçu Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanın
onun ünvanına səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
Maloyan
açıqlamasında Ayrapetyanın iddialarını əsassız adlandırıb: "Milli komandanın rəsmi
nümayəndəsi məni yalnız bir dəfə yığmaya dəvət edib. O zaman mənim 18 yaşım
vardı. Həmin vaxt mən "Spartak” klubunun ikinci komandasına keçdim. Ermənistan
millisindən imtina etməyimə səbəb Rusiyada legioner kimi oynamaq istəmədiyimdən
irəli gəlir. Bundan əlavə qeyri-müəyyənlik yaranmışdı. O ki qaldı "Porsche”
markalı avtomobilə - bu başdan ayağa cəfəngiyatdır. Mən heç vaxt hansı milli olmağından
asılı olmayaraq nə avtomobilə, nə də pula görə yığmada oynamaram”.
Futbolçu
hansı millidə çıxış edə biləcəyi barədə fikir bildirməkdən yayınıb: "Ermənistan
yoxsa Rusiya? Gəlin bu sualı cavablandırmayım. Mən hələlik klubuma diqqətimi
yönəltmişəm. Təklif gələrsə düşünmək olar. Ancaq bu sözləri eşitmək mənə xoş
deyil”.
Qeyd edək ki, bu gün Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan mətbuat konfransında Artur Maloyanın millidə iştirakı qarşılığında "Porsche” markalı avtomobil istədiyini bildirmişdi. O futbolçunun bu istədiyini yerinə yetirsə də, ancaq onun milləyə gəlmədiyini qeyd etmişdi.