"Neftçi"nin kapitanı Flavinyonun Sportnet.az-a müsahibəsi
- "Qəbələ" ilə əvvəlki oyunlar qolsuz yekunlaşmışdı. Bu dəfə isə 4 qol oldu. Məhsuldarlığı nə ilə əlaqələndirirsiniz?
- Komandalar axırıncı oyunlardan sonra çox dəyişib. Məncə, əvvəllər "Qəbələ" bizi daha çox bağlayırdı. Bu dəfə açıq oynadılar. 5 yarımmüdafiəçi ilə oynayırdılar. Həm onların, həm də bizim fərqlənmək imkanımız var idi.
- Qarşıda sizi "Qarabağ"la oyun gözləyir...
- Biz artıq onlardan 10 xal arxadayıq. İstəmirəm ki, komandamıza təzyiq olsun. Çünki 10 xal həddən artıq çoxdur. Gərək "Qarabağ"ı udaq ki, çempionat daha maralqı keçsin. Şəxsən inanmıram ki, "Qarabağ" 3-4 oyun uduzsun. Ancaq mübarizə şansımız varsa, davam etdirməliyik. Niyə də yox?
- "Qarabağ"ı çempion kimi görürsünüz?
- Yox, "İnter" "Qarabağ"a daha yaxındır. Bizim üçün də şans var idi. Amma AZAL-la oyunda uduzduq, sonra isə "Simurq"la heç-heçə etdik. Qələbələri son 2 oyunda qazanmışıq. Amma "Qarabağ" və "İnter" qış fasiləsindən sonra uduzmayıb. Ona görə də "Qarabağ"a yaxınlaşmaq üçün "İnter"i keçmək lazımdır.
- Amma "Qarabağ"ı udduqdan sonra çempionluq uğrunda yenidən mübarizəyə qoşulursunuz...
- Onlar da, biz də mübarizə aparacağıq. Hər iki komanda səhv edə bilər. Xal fərqini azalda bilərik. Çempionluq mübarizəsinə qoşula bilərik. Amma 10 xallıq fərqlə buna inanmaq çətindir.
- Çempionluğa ən layiqli oyunu hansı komanda göstərir?
- "Neftçi"də oynaya-oynaya deyə bilmərəm ki, hansı komanda çempionluğa layiqdir. "İnter"in də şansı var. Məncə, "Qarabağ"ın hələ ağır oyunları olacaq. Ancaq "Qarabağ" udsa, çempionluq əldə etməyimiz çətin olacaq.
- Qəbələ şəhər stadionunu Boliviya stadionlarına bənzətmək olar? Orada da Braziliya həmişə uduzub. Sizə də bura çətin gəlir..
- O biri oyunçuları bilmirəm, öz fikrimi deyirəm: 5 ildir Azərbaycandayam və Qəbələyə gələndə həmişə mənə nəfəs almaq çətin olur.
- Çoxları deyir ki, çempionatın səviyyəsi düşüb...
- Mənfi cəhətlərdən biri "Araz Naxçıvan"ın çempionatdan çıxması oldu. Onsuz da Premyer Liqada komandaların sayı az idi, Naxçıvan təmsilçisi də gedəndən sonra 9 klub qaldı. Deyirlər, gələn il daha çox klub olacaq. Amma məncə, beş ildə yerli oyunçuların səviyyəsi artıb. Amma liqada da klubların sayı artmalıdır ki, çempionat daha maraqlı olsun. Çünki belə olan halda bir klubla 4 dəfə oynayırsan, kubokda da düşsən, 6 dəfə.
- Hər halda "Araz Naxçıvan"ın çempionatdan ayrılması "Neftçi"nin xeyrinə oldu. Çünki siz bu komandaya uduzmuşdunuzsa, "Qarabağ" qələbə qazanmışdı...
- Düzdür, xeyir elədi. Ancaq onsuz da xal itirdik. Mən Azərbaycandakı futbolçuların səviyyəsinə görə deyirəm. "Neftçi"də elə oyunçular var ki, gələcəyi fikirləşiriksə, onları indidən oynatmaq lazımdır.