
"Qəbələ" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Dorinel Muntyanudur.
Bu gün komandanın Sloveniyadakı təlim-məşq toplantısına qatılan rumıniyalı mütəxəssislə 2 illik anlaşma əldə olunub. Rəsmi müqavilənin gün ərzində imzalanması nəzərdə tutulub. 46 yaşlı mütəxəssis qısa müddətdə komandanı formalaşdırmalı və iyulun 3-də start götürəcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa hazırlaşdırmalıdır. Muntyanu Yuri Syominin gedişindən sonra boş qalan baş məşqçi postuna öncədən də namizədlər arasında olub. Həmin namizədlərdən əvvəlcə İvaylo Petevlə ilkin razılıq əldə edilib. Lakin Petev bir neçə gün öncə gözlənilmədən Kipr AEL-i ilə müqaviləsini uzadıb. Bundan sonra klub təcili olaraq, digər namizədlərlə danışıqları bərpa edib. Nəticədə Muntyanu ilə razılığa gəlinib.
Qeyd edək ki, Dorinel Muntyanu Dorinel İonel Muntyanu 25 iyun 1968-ci ildə Rumıniyanın Qredinari şəhərində anadan olub. Futbolçu kimi yarımmüdafiəçi mövqeyində çıxış etmiş Muntyanu daha çox yerli klublarda forma geyinib. O, Belçikanın "Serkl Brügge", eləcə də Almaniyanın "Köln" və "Volfsburq" komandalarında da oynayıb. 2005-ci ildən məşqçiliyə başlayan Muntyanu 2012-ci ilədək Rumıniyanın ÇFR (2005-2006), "Arceş" (2006-2007), "Vasluy" (2007-2008), "Universitatya" (2008), "Styaua" (2008 - cəmi 2 ay), "Universitatya" (2009), "Otselul" (2009 - 2012), "Dinamo" Buxarest (2012) klublarının sükanı arxasında olub. Ardından o, Rusiyanın "Mordoviya" (2012-2013) və "Kuban" (2013) komandalarının baş məşqçisi kimi çalışıb.
Muntyanu 2010-2011-ci il mövsümündə "Otselul"la Rumıniya çempionu, 2011-ci ildə isə ölkə Superkubokunun qalibi olub. "Kuban"a isə ilk dəfə Avropa Liqasına vəsiqə qazandırıb.