
Horhe Kristovao, Portuqaliyanın paytaxtı Lissabondan Bakıya velosipedi ilə səyahətə başlayıb. Sportnet.az-ın məlumatına görə, 7 min kilometrlik məsafəyə səyahətdə Kristovao bir çox ölkədən keçərək bu ölkələrin Milli Olimpiya komitələrinə səfər edəcək və iyunun 10-da Bakıya çatacaq.
Azərbaycan paytaxtına gəldikdən sonra o, özü ilə gətirdiyi Portuqaliya bayrağını 12 iyunda keçiriləcək Avropa Oyunlarının açılış mərasimində istifadə olunması məqsədi ilə bu ölkənin milli komandasına təqdim edəcək.
Səyahət öncəsi Horhe Kristovao "Bakı 2015"in rəsmi saytına müsahibə verib...
- Necə oldu ki, velosipedlə Bakıya, Avropa Oyunlarına gəlmək fikrinə düşdünüz?
- Bu, Portuqaliya Milli Olimpiya Komitəsinə təklif etdiyim ideya idi. Öz bayrağımızı Oyunlarda yarışacaq Portuqaliya idmançılarına aparmaq istədiyimi bildirdim. Bu, mənim üçün heç vaxt kiçilməyəcək bir məna kəsb edir. Çünki bayraq uşaqlıqdan məni təqib edən simvoldur və içimdə olan çox güclü hissdir.
- Bunun üçün hansı xüsusi məşqləri edirsiniz?
- Mən hər gün kilometrlərlə velosiped sürürəm. İndiyə qədər getdiyim ən uzun yol Santyaqoya aparan Fransa yolları olub ki, 9 gün ərzində 1760 kilometr qət etmişdim. Lakin hazırki missiyam ilə heç nə müqayisə oluna bilməz, çünki bu, böyük səy tələb edir və mən bunu edəcəyimə əminəm.
- "Bakı 2015" və Avropanın MOK-ları sizin bu təşəbbüsünüzü necə dəstəklədilər?
- Bu təşəbbüs yalnız Portuqaliya Milli Olimpiya Komitəsinin dəstək olması səbəbindən həyata keçirilir. Hansı ki, bu səyahətin reallaşması üçün lazım olan dəstəyi əldə etmək üçün Portuqaliya MOK-u ideyaya sponsorluq etdi. Avropa Oyunların daha da tanınmasına yardımçı olacağından, "Bakı 2015" bu təşəbbüsü böyük məmnuniyyətlə qarşıladı və Avropa MOK-ları da yerli media kanalları vasitə ilə bu təşəbbüsü ictimaiyyətə çatdıracaqlar.
- Səyahətiniz ərzində hansı ölkələrdən keçəcək, kimlərlə görüşəcəksiniz?
- Mən İspaniyanın MOK-una, Fransa, Monako, İtaliya, Türkiyə, Gürcüstan və Azərbaycana, həmçinin Avropa Olimpiya Komitəsinin Romadakı baş qərargahına və Yunanıstanın Saloniki şəhərində yerləşən Olimpiya Muzeyinə səfər edəcəyəm. Bu ölkələrdə hər bir MOK-un nümayəndələri tərəfindən qarşılanacağam.
- Bakıya nə zaman çatacaqsınız və orada nə qədər qalacaqsınız?
- Portuqaliyanın Milli Bayramı günündə, iyunun 10-da çatacağam. Burada bir neçə gün qaldıqdan sonra, iyunun 14-də Portuqaliyaya yola düşəcəyəm.