Norveçli şahmatçı Maqnus Karlsen Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən rapid üzrə dünya çempionatının qalibi olub.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı qrossmeyster 10,5 xal toplayaraq, 6 qat dünya çempionu adını qazanıb.
O, yeganə məğlubiyyəti FIDE bayrağı altında çıxış edən rusiyalı Vladislav Artemyevdən alıb.
Azərbaycan təmsilçilərindən ən yüksək nəticəni 13 oyundan 9 xal yığan Şəhriyar Məmmədyarov göstərib. 8 xala malik şahmatçılardan Rauf Məmmədov 35-ci, Murad İbrahimli 46-cı yeri tutub. 7 xal yığan Xaqan Əhməd 83-cü, Teymur Rəcəbov 90-cı yerlə kifayətlənib.
Ümumilikdə 150 şahmatçının qatıldığı dünya çempionatında Artemyev gümüş, hindistanlı Eriqaysi Arcun bürünc medal əldə edib. Hər iki qrossmeyster 9,5 xal toplayıb.
Qadınların mübarizəsində isə qalib adını FIDE bayrağı altında çıxış edən rusiyalı Aleksandra Qoryaçkina qazanıb. 11 turluq mübarizənin yekununda Qoryaçkina, çinli Tsziner Çju və hindistanlı Hampi Koneru hərəyə 8,5 xal toplayıb. Reqlamentə əsasən, iki ən yaxşı nəticəni göstərmiş Qoryaçkina və Tsziner arasında tay-breyk oynanılıb. Bu mübarizədən rusiyalı şahmatçı qalib çıxaraq, karyerasında ilk dəfə dünya çempionu olub.
Azərbaycan təmsilçilərindən ən yüksək nəticəni 6,5 xalla Günay Məmmədzadə göstərib. O, 34-cü yeri tutub. Eyni xala malik Xanım Balacayeva 43-cü, 6 xalı olan Gövhər Beydullayeva 49-cu olub. Hərəyə 5,5 xal toplayan şahmatçılardan Türkan Məmmədyarova 68-ci, Gülnar Məmmədova 77-ci, 5 xal yığan Zeynəb Məmmədyarova 88-ci pillədə qərarlaşıb. Hərəyə 4 xalla kifayətlənən Ülviyyə Fətəliyeva və Mələk İsmayıl isə 120-121-ci yerləri bölüşüb. Ümumilikdə qadınların mübarizəsinə 141 şahmatçı qatılıb.










































































